Dərin və rahat yuxu yatmaq arzusunda olanlar, bu məsləhətlər sizin üçündür
    • 17-09-2019, 19:52
    • 2 180

Dərin və rahat yuxu yatmaq arzusunda olanlar, bu məsləhətlər sizin üçündür

Yuxusuzluq - yetəri qədər yata bilməmək və ya yatmamaq, yuxu çatışmazlığı, ayıldıqdan sonra təkrar yuxuya getməkdə çətinlik çəkmək kimi halları özündə əks etdirir.

News24.az -ın məlumatına görə, bu müxtəlif səbəblərdən baş verə bilər. Belə ki, psixoloji və ya fiziki gərginlik qədər insanı əhatə edən mühit də yuxuya çox böyük təsir göstərir. Bu problemlə üzləşənlərin ilk növbədə gündəlik həyat tərzlərinə diqqət yetirmələri lazımdır. Belə ki, düzgün həyat tərzinə riayət etməyənlərin bu kimi problemlərlə üzləşməsi hallarına daha çox rast gəlinir. Belə insanların həyatlarını normal vəziyyətə salmaları və düzgün yuxu rejiminə qayıtmaları bir neçə həftə tələb edir.

Dərin və rahat yuxu yatmaq və normal həyata qayıtmaq üçün ilk növbədə alkoqol və siqaret kimi pis vərdişlərdən imtina etmək lazımdır. Kofe, şokolad, çay kimi tərkibində kofein olan ərzaqlar da yuxu pozuntularına səbəb ola bilər. Həkim məsləhəti olmadan alınan, tərkibində kofein olan dərmanlar da yuxu pozuntularının səbəblərindən biridir. Bunlara soyuqdəymə əleyhinə qəbul etdiyimiz dərmanlar da aiddir. Belə dərmanları alarkən əczaçılarla məsləhətləşmək lazımdır.

Yatmazdan əvvəl yemək mədədə narahatlıq yaradır ki, bu da yuxu pozuntularına səbəb ola bilər. Gec saatlarda aclıq hissini nanə və ya müxtəlif digər ot çayları, ballı südlə basdırmaq mümkündür.

Axşam vannaları yatmazdan bir neçə saat əvvəl qəbul olunmalıdır. Belə ki, isti su orqanizmlə təmas zamanı stimulyator rolu oynayır, uzun zaman bədənin enerjili və gümrah qalmasına kömək edir. Gün ərzindəki fiziki aktivlik isə orqanizmin gərginliyini aradan qaldırır, gündüzlər gümrah olmağa, gecələr isə rahat yatmağa kömək edir. Buna baxmayaraq yuxudan əvvəl idmanla məşğul olmaq da düzgün deyil. Bu sinir sistemini stimullaşdırır və yuxunu “qaçırdır”.
Hər bir kəs yatmazdan əvvəl yatacağı yerin ola biləcəyi qədər qaranlıq və sakit, yatağın isə çox sərt olmamasına diqqət yetirməlidir.
Yatmazdan əvvəl kitab oxumaq rahat yuxunun təminatçısıdır.
Xroniki yuxusuzluqla mübarizə üçün yalnız həkim tərəfindən təyin edilən dərmanlar qəbul olunmalıdır və bu tip dərmanlardan mümkün qədər az istifadə etmək lazımdır. Belə ki, yuxu gətirən dərman preparatları yuxusuzluğu müalicə etmir. Onlar sadəcə şüuru yorur və alışqanlıq yaradır.