108 saylı məktəbdən növbəti ŞİKAYƏT
    • 26-04-2019, 17:01
    • 889

108 saylı məktəbdən növbəti ŞİKAYƏT

“Məktəb direktorları sövdələşdiyi üçün uşaqlarım yollarda qalıb”
“Bir gün uşağımı maşın vursa, kim cavab verəcək?!”


News24.az-ın redaksiyasına Kəlbəcər rayon 108 saylı məktəbdən növbəti şikayət daxil olub. İki uşağı bu məktəbdə  təhsil alan Səadət Sadiqova övladlarının məktəbdən çıxarılmasına direktorun mane olduğunu iddia edir: « İki uşağım 108 saylı  Kəlbəcər rayon məktəbində oxuyur.  Bu məktəb Suraxanıda yerləşir. Mən isə Ramanada yaşayıram. Məktəb evimizdən çox uzaqdır, gedib-gələ bilmirik. Hava soyuq, qarlı-yağışlı olanda balalarımın ayaqları suyun içində olur, istidə də qızımın burnundan qan açılır. Uşaqlarımı məktəbdən çıxarmaq istəyirəm, amma direktor icazə vermir. Direktor Bəsti müəlliməyə dedim ki, madam uşaqlarımı çıxarmağıma icazə vermirsiz, onda, heç olmasa məni məktəbə xadimə kimi işə götürün, mənimçün 50 manat da puldur. Uşaqlarımla bir yerdə gedim-gəlim. Qəbul eləmədi, amma məndən sonra iki işçi götürüb. Sosial yardım da almıram, dolanışımımiz çox çətindi. Həyat yoldaşım rəhmətə gedib, özüm də işləmirəm. Məktəb uzaqda olduğuna görə, işə də düzələ bilmirəm, qalmışam yollarda”.


S.Sadıqova deyir ki, uşaqları evlərinin yaxınlığındakı başqa bir qaçqın məktəbinə göndərmək istəyir. Amma bu mektəbin də direktoru onların uşaqlarını məktəbə qəbul etmək istəmir: “ Evimizin yaxınlığında yerləşən 12 saylı Kəlbəcər rayon məktəbinə getdim. Vəziyyəti dedim. Amma o mənə qayıtdı ki, o məlktəbdən uşaq götürmürəm. Direktorlar aralarında sözləşiblər ki, uşaqları götürməsin. Cünki umacaqları var, pul yığmaq istəyirlər. Bir gün mənim uşağımı maşın vursa, kim cavab verəcək?! Məktəb də bərbad vəziyyətdədir. Uşağın biri 5-ci, o biri 3-cü sinfdədir. Dərslərdə çox vaxt 2-3 uşaq oturur. Şərati də bərbaddır. Qızım hər gün evə ağlayıb gəlir. Bir ildə siniflərində 4 müəllim dəyişib, birinə öyərəşməmiş, başqası gəlir. Uşaq da deyir, dərsi başa düşməmişəm”. 

Məsələyə aydınlıq gətirmək üçün 12 saylı məktəblə əlaqə saxlamağa cəhd etsək də, cavab verən olmadı. 

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etmişik. 

Afaq Mirayiq