"Xüsusi təhlükəli tullantıların idarə olunması ciddi nəzarətə götürülüb"- MUXTAR BABAYEV
    • 21-05-2020, 17:14
    • 664

"Xüsusi təhlükəli tullantıların idarə olunması ciddi nəzarətə götürülüb"- MUXTAR BABAYEV

Pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin tərkib hissəsi kimi Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir və həmin tullantıların utilizasiyasını təşkil edir:" Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir.

Qeyd edim ki, müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə maye, bərk və toz şəklində olaraq, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər. Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür – A, B, C və D. B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb". 

Afaq Mirayiq