Azərbaycanda uşaqlardan orqan köçürülməsi olmayıb - Rəsmi
Sosial
"Meyit donor orqanlarından transplantasiya yalnız beyin ölümü hallarında həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, beyin ölümü diaqnozu yalnız 1 yaş və 1 yaşdan yuxarı uşaqlara qoyula bilər".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, digər ölkələrdə bu yaş həddi fərqli ola bilər:
"Bəzilərində 0-2 yaş, bəzilərində isə 2 aydan 1 yaşa qədər uşaqlara da bu diaqnoz qoyula bilər. Uşaqlara beyin ölümü diaqnozu qoyulduqda, orqanların götürülməsi yalnız valideynlərin və yaxın qohumların razılığı ilə mümkündür, çünki uşaq özü könüllü donor ola, öz iradəsini ifadə edə bilməz. Bu yanaşma uşaqların hüquqlarını qorumaqla yanaşı, transplantasiyaların tibbi, hüquqi və etik prinsiplərə uyğun aparılmasını təmin edir"
"Azərbaycanda hazırda uşaq meyit donorlarından orqan transplantasiyası həyata keçirilməyib", - deyə mərkəzdən verilən məlumatda qeyd edilib.