Bakıda iş saatları dəyişir: Səhər 9-dən sonra, axşam isə...
Sosial
Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş qrafikinin dəyişkən rejimdə təşkili ilə bağlı mühüm addımların atılacağı bildirilirib. Məlumata görə, 2025-2026-cı illəri əhatə edən yeni yanaşma çərçivəsində dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün fərqli iş rejimləri müəyyən ediləcək.
Rəsmi açıqlamalara görə, müvafiq qurumların aparacağı təhlillər əsasında müxtəlif sahələr üzrə işəgəlmə və işdən çıxma saatlarında dəyişikliklər ediləcək. Beləliklə, insanların eyni vaxtda yola çıxmasının qarşısı alınacaq və nəqliyyat sistemində yaranan sıxlıq azalacaq. Maraqlıdır ki, bu məsələnin üzərindən təqribən 8 aydan çox bir vaxt keçməsinə baxmayaraq, hələ də əməli addımlar yoxdur.
Bəs Bakıda iş saatları nə zaman dəyişdiriləcək?
Məsələ ilə bağlı danışan deputat Vüqar Bayramov News24.az-a açıqlamasında bildirib ki, dövlət və özəl sektorda iş saatlarının fərqli vaxtlarda başlanması və bitməsi məsələsi ölkədə həyata keçirilən genişmiqyaslı dövlət proqramının tərkib hissəsidir.
"Bu addım yalnız iş qrafiklərinin dəyişdirilməsi deyil, həm də paytaxtda və iri şəhərlərdə nəqliyyat infrastrukturunun səmərəliliyini artırmaq məqsədi daşıyır. fərqli iş saatlarının tətbiqi dünyanın bir çox inkişaf etmiş ölkələrində, xüsusən də Avropa dövlətlərində uzun illərdir istifadə olunur və özünü effektiv mexanizm kimi doğruldub. Bu qərarın məqsədi iş saatlarını uzatmaq deyil, sadəcə onların başlanma və bitmə vaxtlarını fərqləndirməkdir. Avropa ölkələrinin təcrübəsinə nəzər salsaq, görərik ki, dövlət qurumları, özəl müəssisələr və xidmət sektoru fərqli saatlarda fəaliyyət göstərir".
Deputat əlavə edib ki, bu praktikanın tətbiqi sayəsində nəqliyyat sıxlığı azalır, vətəndaşlar işə və evə daha rahat şəkildə gedib-gələ bilirlər. Azərbaycanda da oxşar praktikanın tətbiqi məhz bu məqsədlə tətbiq olunacaq.
Vüqar Bayramov qeyd edib ki, Bakı kimi böyük şəhərlərdə səhər və axşam saatlarında müşahidə olunan tıxac problemi uzunmüddətli və kompleks həll tələb edir. Onun fikrincə, bu cür addımlar təkcə nəqliyyat axınının tənzimlənməsinə deyil, həm də gündəlik həyat balansının qorunmasına xidmət edəcək:
“Bu dəyişiklik insanların gündəlik həyatına müsbət təsir göstərəcək. Fərqli sahələrdə çalışan vətəndaşların eyni vaxtda yollara çıxmaması tıxacların azalmasına səbəb olacaq. Eyni zamanda, bu sistem işçilərin stress yükünü də azaldacaq, çünki hər kəsin işə və evə qayıtma vaxtı daha rahat planlaşdırılacaq. Beləliklə, nəqliyyat infrastrukturuna düşən təzyiq də xeyli azalacaq. Misal üçün iş saatları səhər saat 9-da deyil, 10-da başlayacaq və ya 8-də başlayacaq. Axşam isə eyni qaydada 6-da deyil, tutaq ki, 7, 8 və ya digər saatlarda bitəcək. Burada təbii ki, ölkəmizin qanunvericiliyinə uyğun olan 8 saatlıq iş rejiminə əməl olunacaq".
Deputat əlavə edib ki, iş saatlarının fərqli vaxtlarda müəyyənləşdirilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək və bununla bağlı müvafiq qurumlar tərəfindən təhlil və koordinasiya işləri aparılır.