"Bu faciəni hər il ehtiramla yad edirik" - Metropoliten rəsmisi
Sosial
“1995-ci il 28 oktyabr tarixində metropolitendə baş vermiş yanğın hadisəsi hər birimizi dərindən sarsıtdı. Bu, təkcə Bakı Metropoliteninin deyil, bütövlükdə ölkəmizin tarixində ən faciəli hadisələrdən biri idi”.
News24.az xəbər verir ki, bunu "Bakı Metropoliteni QSC"nin sədr müavini Hidayət Məmmədov deyib. Onun sözlərinə görə, həmin gün baş verən yanğın nəticəsində yüzlərlə insan həyatını itirib, çox sayda vətəndaş yaralanıb və bu faciə Azərbaycan ictimaiyyətinin yaddaşında silinməz iz buraxıb:
“Bu hadisə bizə təhlükəsizlik məsələlərinə necə ciddi yanaşmağın vacibliyini bir daha göstərdi. O gündən etibarən metro sistemində təhlükəsizlik standartlarının təkmilləşdirilməsi, texniki avadanlıqların yenilənməsi və fövqəladə hallara hazırlığın artırılması istiqamətində mühüm addımlar atılıb”.
Hidayət Məmmədov qeyd edib ki, 28 oktyabr hər il Metropoliten ailəsi tərəfindən ehtiramla anılır:
“Biz hər il o gün vəfat etmiş sərnişinləri və əməkdaşlarımızı yad edirik. Onların xatirəsi bizim üçün müqəddəsdir və bu faciədən çıxardığımız dərslər hər zaman fəaliyyətimizin əsas istiqamətlərindən biri olub”.