Burun əməliyyatından sonra insanın xasiyyəti də dəyişir? - Açıqlama

Burun əməliyyatından sonra insanın xasiyyəti də dəyişir? - Açıqlama Sosial

Son günlər sosial mediada burun əməliyyatından (rinoplastika) sonra aqressiv davranışlar sərgiləyən şəxslərin görüntüləri geniş müzakirələrə səbəb olub.

Maraqlıdır ki, burun əməliyyatından sonra sinir sistemi pozula bilərmi?

Məsələ ilə bağlı nevroloq Röyanə Quluzadə News24.az-a açıqlamasında bildirib ki, bu kimi hallar elmi izahla açıqlana bilər.

Mütəxəssis vurğulayıb ki, estetik əməliyyatlardan sonra insanlarda depressiv və stress hallarının artması müşahidə olunur və bu həm nevroloji, həm də psixoloji mexanizmlərlə bağlıdır:

“Estetik əməliyyatlar insanın sinir sisteminə iki istiqamətdə təsir göstərə bilər. Birincisi, lokal təsir nəticəsində yaranır. Burun və ya üz nahiyəsində aparılan cərrahi müdaxilə zamanı sinir ucları və damarlar zədələnə bilər ki, bu da hissiyyat itkisi (keyimə), qıcıqlanma və nevropatik ağrılara səbəb olur. Bu simptomlar isə sonradan insanın emosional vəziyyətinə mənfi təsir göstərir".

Röyanə Quluzadənin sözlərinə görə, ikinci amil ümumi anesteziyanın (narkozun) təsiri ilə bağlıdır:

“Əməliyyat zamanı istifadə olunan narkoz maddələri beynin neyrokimyəvi balansını müvəqqəti dəyişir. Xüsusilə serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının səviyyəsinin azalması "postoperativ" depressiya adlanan vəziyyətin yaranmasına səbəb olur".

Nevroloq əlavə edib ki, əməliyyatın nəticəsi şəxsin istəklərinə uyğun gəlmədikdə, bu da emosional boşluq və özünə qarşı narazılıq hissini gücləndirir:

“Estetik əməliyyatlar insanın özünə münasibətini dəyişir. Nəticə istənilən kimi olmadıqda, bu, emosional pozğunluq, ailə və sosial münasibətlərdə gərginlik yarada bilər", - deyə həkim vurğulayıb.