Dövlət xidmətləri ilə bağlı yenilik olacaq
Sosial
“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək.
News24.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugün keçirilən plenar iclasında müzakirə olunub.
Bildirilib ki, “Dövlət xidmətləri haqqında” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.
Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib. (Qafqazinfo)