İstilik tarifləri maya dəyərindən aşağıdır – Ekspert çıxış yolunu açıqladı

İstilik tarifləri maya dəyərindən aşağıdır – Ekspert çıxış yolunu açıqladı Sosial

2024-cü ildə əhali üçün istilik tarifləri maya dəyərindən xeyli aşağı olub. Həmçinin qeyri-əhali istehlakçı qrupu üzrə maya dəyəri də müqavilə qiymətindən aşağıdır. Bu vəziyyət təşkilatların maliyyə dayanıqlılığına təsir göstərir və bazar prinsipləri, iqtisadi ədalət və səmərəlilik məsələlərini gündəmə gətirir. Maraqlıdır ki, sosial müdafiəni qoruyaraq tarifləri maya dəyərinə yaxınlaşdırmaq üçün hansı modellər tətbiq oluna bilər və bazar prinsipləri ilə uyğunluq necə təmin edilə bilər?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, “Azəristiliktəchizat”ın maliyyə hesabatında yığılmış zərərin artması təşkilatın xərclərini qarşılaya bilmədiyini və gəlirlərinin xərclərdən az olduğunu göstərir.

“Bu da onu deməyə əsas verir ki, özünü maliyyələşdirmək üçün mövcud strukturda qiymətlər artırılmalı, yaxud da təşkilatın zərəri davamlı şəkildə dövlət büdcəsi hesabına subsidiyalaşdırılmalıdır. Bu ilin əvvəlində açıqlanan hesabatda bildirilib ki, hazırkı şəraitdə “Azəristiliktəchizat”ın 1 m² üçün istilik qiyməti 1,10 qəpik təşkil edir. Ölkədə inflyasiya davam edir və növbəti il üçün hesablamalara əsasən maya dəyərinin daha da artacağı gözlənilir.

Bu baxımdan bu kimi təşkilatlarda həm idarəetmə, həm də maliyyə auditi aparılmalı, dövlət müəssisələrində korporativ idarəetmə təkmilləşdirilməli, şirkətin sağlamlaşdırılması istiqamətində addımlar atılmalı, qərarvermə mexanizmləri üzrə aydın korporativ meyarlar müəyyənləşdirilməlidir”.

Xalid Kərimlinin sözlərinə görə, dövlət müəssisələri və uşaq bağçaları üçün güzəştli tariflərin müəyyənləşdirilməsi vacibdir:

“Lakin bazar prinsipləri əsasında formalaşmayan qiymətlər səmərəsizliyə səbəb olur. Qiymətlər maya dəyərinə uyğunlaşdırılmalıdır. Bunun üçün isə əvvəlcə təşkilatların xərcləri və strukturu təhlil edilməli, səmərəlilik və şəffaflıq təmin olunmalıdır. Xərclərin əsaslandırıldığı qənaətinə gəldikdən sonra subsidiyalaşma mexanizmi mərhələli şəkildə aradan qaldırılmalıdır".