"Məqsədim ev bağışlamaq yox, dəstək göstərmək idi"
Sosial
Şərur MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundovun deputat Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevaya ev verməsi sosial şəbəkə platformalarında müzakirələrə səbəb olub. Sosial media izləyiciləri bu addımı şərtlərinə görə tənqid ediblər. Müzakirəyə səbəb olan əsas məqam İsfəndiyar Axundovun açıqlamasında evi Laləzər Əliyevaya daimi deyil, cəmi 5 illik müddətə vermək təklifi olub. İstifadəçilər iş adamının bu qərarını birmənalı qarşılamayıblar.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iş adamı İsfəndiyar Axundov bildirib ki, evin 5 illik müddətə verilməsi məqsədli şəkildə olub.
Onun sözlərinə görə, deputat Elman Nəsirovun qızı Laləzər Əliyevanın öz şəxsi evi var, sadəcə həmin mənzil hazırda pilot layihə çərçivəsində yenidən tikildiyi üçün istifadə etmək mümkün deyil.
“Laləzər xanımın atası Elman Nəsirov artıq ona ev verib. Lakin həmin bina pilot layihə çərçivəsində sökülüb və tikintisi davam edir. Mən də bunu nəzərə alaraq, kömək məqsədilə ona 5 illik müddətə yaşamağı üçün mənzil təqdim etdim. Çünki binanın inşası təxminən elə bu qədər vaxt aparacaq. Yəni məqsədim kiməsə daimi ev bağışlamaq yox, sadəcə çətin dövrdə ailəyə müvəqqəti dəstək göstərmək idi. Tikinti tamamlandıqdan sonra Laləzər xanım öz evinə qayıda biləcək".
İş adamı həmçinin əlavə edib ki, bu addım sırf insani və xeyirxah niyyətlə atılıb və sosial mediada yanlış anlaşılmalara səbəb olmasını istəməzdi.