ÜST-ün yaranmasının 75-ci ildönümü ilə əlaqədar ATU-da tədbir keçirilib - FOTO
    • 8-04-2023, 01:30
    • 172

ÜST-ün yaranmasının 75-ci ildönümü ilə əlaqədar ATU-da tədbir keçirilib - FOTO

1948-ci ildə əsası qoyulan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il 7 aprel – Ümumdünya Sağlamlıq Günündə yaradılmasının 75 illiyini böyük təntənə ilə qeyd edir. Bu tarixi günlə əlaqədar olaraq ÜST tərəfindən “Hamı üçün sağlamlıq” kampaniyası çərçivəsində il boyunca silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

News24.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Tibb Universitetində (ATU) Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi və AMUN Klubunun (Azerbaijan Medical University Model United Nations, Azərbaycan Tibb Universitetinin BMT Modeli) birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğuladı. COVID-19 pandemiyası zamanı ATU tələbələrinin ucqar rayonlarda yaşayan əhalinin vaksinasiyası prosesində yaxından iştirak etdiyini xatırladan rektor rəhbərlik etdiyi ali məktəbin hər zaman ÜST-nin layihələrində aktiv iştirak etdiyini, bu layihələrin həyata keçməsinə öz dəstəyini göstərdiyini vurğulayıb.

Tədbirdə ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı “Ümumdünya Səhiyyə Təşkilatı: 75 il sağlamlığın keşiyində” mövzusunda mühazirə ilə çıxış edib. O, ÜST-nin missiyası, strukturu, hazırda gördüyü işlər, dünyada və Azərbaycandakı nailiyyətləri və əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat verib: “Azərbaycanda da səhiyyə sahəsində bir çox uğurlar qazanılıb.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2002-ci ildə poliomielitdən, 2023-cü ildə malyariyadan azad ölkə statusu verilib. Biz bu nailiyyətləri yerli tərəfdaşlarımızla birlikdə əldə etdik və bu fəaliyyətlərdə aparıcı rol oynamaqdan qürur duyuruq”.

Öz çıxışında AMUN klubunun sədri Günəş Əliyeva ATU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən BMT Modeli Klubunun ÜST-nin ölkəmizdəki nümayəndəliyi ilə əlaqələrindən məlumat verib. O, qarşılıqlı fəaliyyət çərçivəsində ötən ilin sonunda Azərbaycanda ilk dəfə olaraq ÜST simulyasiya konfransının keçirildiyini vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onların sualları cavablandırılıb.