Azərbaycanda uşaqların qarşısına lüt çıxan şəxs həbs edildi
    • 18-04-2023, 11:39
    • 971

Azərbaycanda uşaqların qarşısına lüt çıxan şəxs həbs edildi

Bərdə rayonunda xuliqanlıq etmiş şəxs həbs edilib.

News24.az əldə etdiyi məlumata görə, rayonun Divanlı kənd sakini olan 1977-ci il təvəllüdlü A.Ələsgərov anasının şikayəti əsasında polis tərəfindən saxlanılıb.

A.Ələsgərovun anası şikayət ərizəsində bildirib ki, oğlu mütəmadi olaraq spirtli içki içərək evdə dava-dalaş salır. O, oğlunun Novruz bayramı gecə qapıya papaq atan uşaqların qarşısına lüt çıxdığını və uşaqları çılpaq halda qovaraq qorxutduğunu, həmçinin oğlunun onu döydüyünü bildirib.

Polis tərəfindən saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. O, saxlanılaraq Bərdə rayon Məhkəməsinə aparılıb.

Məhkəmədə A.Ələsgərov yeznəsigilin evində olarkən həyətdən gələn səsə görə əsəbiləşib söyüş söydüyünü, daha sonra isə evin qayıtdığını bildirib. O, sərxoş olduğu üçün digər deyilənləri xatırlamadığını deyib.

Bərdə Rayon Məhkəməsinin qərarı ilə A.Ələsgərova 5 sutka həbs cəzası verilib.