Zərifə Əliyevanın anadan olmasının 100 illiyi QEYD EDİLDİ
    • 25-04-2023, 12:49
    • 172

Zərifə Əliyevanın anadan olmasının 100 illiyi QEYD EDİLDİ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.

News24.az apa-ya istinadən xəbər verir ki, tədbir akademik Zərifə Əliyevanın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva akademik Zərif Əliyeva şəxsiyyəti və fəaliyyəti barədə məlumat verib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri və Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev akademik Zərifə Əliyevanın Azərbaycan tibbinə və ümumilikdə tibb elminə verdiyi töhfəni diqqətə çatdırıb: "Peşəkarlığı və səmimiyyəti ilə seçilən akademikin elmi tədqiqatları bu günün özündə də insanlara şəfa verməkdə misilsiz faydaya sahibdir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova akademik Zərifə Əliyevanın sadə və səmimi həyatından söz açıb: "O, Əziz Əliyev kimi bir şəxsiyyətin qızı idi. Amma bütün bunlara baxmayaraq, özünü o qədər sadə aparır, sadə davranırdı ki, heç kəs onu fərq eləmirdi".

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb: "Biz ondan sevməyi öyrənmişik. Zərifə xanımın Ulu Öndərlə görüşləri bizə maraqlı idi. Biz, vallah, dediyim kimi, ondan sevməyi öyrənirdik. Ona görə bu görüşləri, az qala, güdürdük. Çünki o, əsl Azərbaycan qızı kimi namusla sevməyi bilirdi".

Daha sonra çıxışçılar akademik Zərifə Əliyeva şəxsiyyəti və irsi barədə fikirlərini bölüşüblər.