“Elektrik xəttinə qulluq olunmadığı üçün mağaza yanıb”
    • 28-04-2023, 15:15
    • 250

“Elektrik xəttinə qulluq olunmadığı üçün mağaza yanıb”

2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində baş verən yanğına görə məhkəmə prosesi davam edir.

News24.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən iclasda ekspertlər dindirilib. Ekspert Fərhad Mahmudov ifadəsində deyib ki, ekspertizaya təqdim olunmuş iş materiallarına əsasən belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi mağazanın içərisində, sol tərəfdə yerləşib:

“Yanğın həmin sahədən yüksələn xətt üzrə digər sahələrə yayılıb. Mağazanın içindəki yanar materialların üzərindəki damın dəmir təbəqəsinə yüksək gərginlikli elektrik naqilinin qırılaraq düşməsindən yanğın əmələ gəlib. Yəni qısa qapanmanın təsirindən yaranan ərimiş metalın qığılcımları və ərimiş metal hissəciklərinin təsirindən dəmir alışıb. Hadisənin başvermə şəraitini nəzərə aldıqda, mağazanın üzərindən 6 kV-luq “11 saylı şəhər” hava xətti çəkildiyini görürük. Həmin hava xəttinin bu hissəsinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsi təmin edilməyib. Yanğın təhlükəsizliyi qaydaları, Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları və Elektrik qurğularının quraşdırılması qaydaları “Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi tərəfindən pozulub”.

Ekspert Röyal Talıbov isə ifadəsində deyib ki, Quba Rayon Məhkəməsi yanğın hadisəsindən 2 il sonra hadisə yerində dəlillər qalmadan məsələyə qiymət verib: “Məhkəmə mağaza təmir olunmuş halda ekspertiza təyin etdiyiə görə tədqiqat aparmaq mümkün olmayıb. Lakin hadisə yeri və cinayət işi materialları əvvəlki ekspertə təqdim edildiyi kimi mənə təqdim edilsəydi, mən də ilkin ekspert rəyinə uyğun nəticəyə gələrdim”.
Daha sonra dövlət ittihamçısı Səyavuş Sadıqov ekspertlərə hadisə yerindən götürülmüş dəmir təbəqədə olan izlər haqqında sual verib. Ekspertlər isə metalın təbəqənin bir tərəfinin üzərinin hislə örtüldüyünü deyibər. Onlar bildirib ki, metalın digər tərəfində termiki metalın ərimə və elektrik qapanmasından əmələ gələn qövs izləri var. Hansə ki, bu izlər 6 kV-luq Hava elektrik verilişi xəttinin təsirindən yaranmaya uyğundur.

Qeyd edək ki, hadisə 2020-ci ildə Qubada baş verib. Sahibkar Mövlud Əliyev hadisənin “Azərişıq” əməkdaşlarının məsuliyyətsizliyi ucbatından baş verdiyini deyir. O qeyd edir ki, obyektin üstündən keçən elektrik naqilləri qırılıb düşdüyü üçün mağaza yanıb. Ona 75 min manatlıq ziyan dəyib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Quba rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib. O, vaxtında qulluq göstərmədiyi üçün elektrik naqilinin qırılaraq obyektin üzərinə düşməsi nəticəsində yanmasına səbəb olmaqda ittiham edilib. Quba Rayon Məhkəməsi isə işə xitam verib.Sahibkar hökmdən narazı qaldığı üçün apellyaisya şikayəti edib. Məhkəmə prosesi davam edir.