Bakı və İrəvan bu məsələlərdə razılığa gəlib, amma... - ABŞ-dakı məxfi görüşün DETALLARI
    • 5-05-2023, 22:06
    • 283

Bakı və İrəvan bu məsələlərdə razılığa gəlib, amma... - ABŞ-dakı məxfi görüşün DETALLARI

Vaşinqton danışıqlarının yekununda tərəflər “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb. Bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır. Hansı maddələr üzrə razılaşma olduğu açıqlanmır. Dialoqun davam etdirilməsi istisna deyil. Blinkenin “yekun razılaşma tarixi olacaq” açıqlaması da bunu deməyə əsas verir. Razılaşdırılmayan maddələr də gizli saxlanılır.

Vaşinqton danışıqlarının yekun nəticəsi ilə bağlı fikirlərini News24.az-la bölüşən “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bir sıra maraqlı məqamlara diqqət çəkib.

Ekspert tərəflərin razılıq əldə edə bilmədiyi məsələlərlə bağlı fikirlərini sadalayıb: “Əvvəlki açıqlamalarda belə bir məqam var idi ki, bütün əsas məsələlər üzrə razılaşma əldə olunub. Amma sonradan açıqlandı ki, bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır. Əsas məsələlərdən söhbət gedirsə, brincisi, zənnimcə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi ola bilər. Hərçənd bununla bağlı bəzi məqamlar olsa da, ümumi sərhəd zolağı və əraziləri bəllidir. Digər tərəfdən, anklavlar məsələsi də ola bilər. Hesab edirəm ki, Azərbaycanın Qazaxdakı 7 kəndi, Naxçıvandakı Kərki kəndi, Şınıxdakı Başkənd ərazisi də masada olub. Başqa hansısa məqam görünmür. Məsələn, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə bağlı hər şey aydındır. Ermənistan hökuməti bildirir ki, ora Azərbaycan ərazisidir. Bu barədə açıqlamalar da verilir. Bu açıqlamaların ardınca gedib dialoqda onun əksini iddia edə bilməzlər. Bu həm də qeyri-ciddi mövqe olardı”. 

Görüşün yekun nəticəsinə gəlincə, politoloq hesab edir ki, açıqlamalar təhrif olunmuş formada verilir. Əslində bütün prinsipial məsələlər üzrə anlaşma əldə olunub: “ABŞ rəsmilərinin, ilk növbədə də Dövlət katibi Entoni Blinkenin açıqlaması da buna işarə idi. Hansı maddələrin razılaşdırılmasına gəlincə, yəqin ki, bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü məsələsidir. İkincisi, Azərbaycan vəd vermişdi ki, Ermənistanın qlobal layihələrə qoşulmasına maneə olmayacaq. Ümumiyyətlə, Vaşinqton danışıqları nəticəsində sülhün tezliklə əldə olunacağını gözləmirəm. Burada bir sıra amillər var: Rusiya və Ermənistanın daxili amili, Ermənistan-Azərbaycan münasibətlərində hələ də müharibə əhval-ruhiyyəsindən çıxmamaq, İran və s bu kimi faktorlar var. Bütün bu proses hələ uzana bilər”. 

Ə.Oruclu qeyd edib ki, yekun sülh sənədinin imzalanması zaman və ağır müzakirələr tələb edən prosesdir. Onun sözlərinə görə, ilkin olaraq müəyyən çərçivə sazişi imzalana bilər: “Adından asılı olmayaraq, əsas sənədin mahiyyətidir. Mahiyyət üzrə bütün bu məsələlərin öz əksini tapdığı yekun çərçivə sənədi imzalana bilər ki, bunun ardınca da detallar müəyyənləşdirilib dəqiqləşdiriləndən sonra yekun sülh sənədi imzalanacaq. Bu isə zaman tələb edir. Bu müddətdə Rusiya müdaxilə edə bilər. Danışıqların ikinci günündə Rusiya XİN bildirdi ki, növbəti danışıqlar mərhələsi Moskvada keçiriləcək. Azərbaycanın və Ermənistanın buna razılıq verdiyi bəlli deyil, amma Moskva faktiki diktə edir. Buna görə prosesin uzanması istisna deyil”.

Turan