“Avroviziya” təmsilçilərimizin qalmaqallı geyimi: günahkar kimdir? - Fəxriyyə Xələfova DANIŞDI
    • 8-05-2023, 16:28
    • 4 939

“Avroviziya” təmsilçilərimizin qalmaqallı geyimi: günahkar kimdir? - Fəxriyyə Xələfova DANIŞDI

Azərbaycanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək TuralTuran X qardaşları Liverpulda yarışmanın açılış mərasimində iştirak ediblər. Onların geyim tərzi sosial şəbəkələrin Azərbaycan seqmentində kəskin tənqidlərə səbəb olub. Qardaşların geyim tərzini təkcə sıravi vətəndaşlar deyil, həm də tanınmış simalar tənqid edib.

“Avroviziya 2023” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova News24.az-a açıqlamasında tənqidə münasibət bildirib. O bildirib ki, “Avroviziya” incəsənət tədbiri olduğundan, burada geyilən geyim də özünə görə incəsənətdir, obraz kimi qəbul olunmalıdır: “Avroviziya”da bu il Azərbaycan təmsilçilərini qeyri-rəsmi olaraq ən zövqlü iştirakçılar adlandırırlar. Geyim nə açıq-saçıqdır, nə də həddindən artıq eksentrik. Təmsilçilərimiz öz geyimlərindən razıdırlar. Geyimlər zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinməsi onun qərarı idi. Onların geyindiyi geyim, yarışmada çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendi “Parcha studio”ya aiddir və Aysel Sadıxovanın yaratdığı obrazlardır". 

Turan və Tural Bağmanovların geyim tərzi üzərində dizayner Aysel Sadıqova çalışıb. Görünüşü üzərində isə Fuad Hacıyev və Niko Lab işləyib.

Hazırda Liverpulda olan stilist Fuad Hacıyevdən açıqlama almaq mümkün olmayıb. Sənətçilərin staylinqi ilə məşğul olan digər dəb məsləhətçisi Niko Lab isə mövzu barədə Olay-a bunları deyib: “Geyimlər rəngarəngdir və kifayət qədər bəyənilib. Tural və Turan məhz stilləri ilə dünyaya səs salıblar. Hamı bəyənib, bizimkilər bəyənməyibsə, nə deyim? Biz firuzəyi xalıda istifadə olunan obraz üçün “The Beatles” qrupundan ilhamlanmışıq. Təmsilçilərimizin geyindiyi sözügedən qrupun “look”larından biridir. Azərbaycanlıların bəyənmədiyi nədir? Anlamıram. Bəlkə saç düzümlərini bəyənməyiblər”.

Tural və Turanın firuzəyi xalçadakı paltarların müəllifi Aysel Sadıqova isə məsələ barədə danışmaq istəməyib.

Tanınmış modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova News24.az-a açıqlamasında bildirib ki, son illər “Avroviziya”da nəticələrimiz çox aşağı olur. Onun sözlərinə görə, iştirakçıların geyimi də nəticəyə təsir edən amillərdəndir:  “2010, 2011 və 2012-ci illərdə “Avroviziya” mahnı müsabiqəsinin münsiflər heyətində yer almışam. İTV-nin ilk dəfə müsabiqəyə göndərdiyi müraciət məktubunu imzalayan 8 nəfər incəsənət xadimindən biriyəm. Böyük marağa səbəb olan bu beynəlxalq yarışmanın bütün məqamlarına çox yaxşı bələdəm. Həmin illərdə “Avroviziya” komandasında yer alan şəxslərin çox böyük təcrübəsi var idi. Ancaq son illərdə bizim təcrübəmizdən istifadə olunmur. Yəni məsləhətləşmələr olmur. Qərarın kimlər tərəfindən qəbul olunması isə açıqlanmır. Bizim təmsil olunduğumuz illərdə iştirakçılar uğurlu idilər, ən yüksək yerləri qazanırdılar. 2011-ci ildə qalibiyyəti əldə etdik, bütün dünyaya səs saldıq, Azərbaycan müsabiqəyə ev sahibliyi etdi. Həmin komanda uğurlu işlədi, indiki komandanın isə nəticələrinə baxmaq lazımdır. Son 3 ildə nəticələrimiz çox aşağıdır. Hər şey komandadan, onun uğurlu fəaliyyətindən asılıdır. İldən-ilə aşağıya doğru gedirik. Uğurlu olmaq üçün həm də düzgün strategiya seçilməlidir”.

Moldelyer hesab edir ki, “Avroviziya”da geyim faktoru mühüm rol oynayır. Tural və Turan qardaşlarının geyimi isə 2023-cü ilin bahar-yay kolleksiyasının trendlərinə aid deyil:

“Təşkilat komitəsində təmsil olunduğum illərdə iştirakçılar üçün geyim üslublarını şərh etmişəm. Çünki bu, çox mühüm faktordur. Digər ölkələrin milli münsifləri də hər zaman geyimə diqqət yetirirlər. Ona görə də geyimin mahiyyəti mütləq izah olunmalıdır. Bizim iştirakçılarla bağlı dərhal müzakirələr başlandı. Düşünürəm ki, təşkilat komitəsi gərək zamanında məlumatları paylaşardı, geyimin izahını verərdi. Onlar daxili auditoriya üçün də məlumat ötürməlidir. Biz məlumatı müzakirələrdən və tənqidlərdən sonra əldə etmişik. Bu geyim xüsusi olaraq yaradılmayıb, “The Beatles” qrupuna ithaf olunub, onların geyimlərindən birinin versiyasıdır. İctimaiyyət bunu zamanında bilsəydi, bəlkə də bu addımı başa düşərdi. 

Bu, yeni yaradılmış geyim deyil  və hansısa dəbə, müasir üsula uyğun gəlmir. Modelyer tərəfindən yaradılan geyim də deyil. Bu, retro üslubunda “The Beatles” qrupunun zamanında istifadə etdiyi üslublardan biridir və ithaf kimi təqdim olunub. İctimaiyyətin şərhi kişi təmsilçilərimizin qadınsayağı geyinməsi istiqamətdədir. Geyimin “The Beatles” qrupuna ithaf olunduğu açıqlandı, biz də bunu bu cür qəbul  edək. Amma müasir dəbin tendensiyaları çox fərqli istiqamətdədir, həmin geyimin dəblə heç bir əlaqəsi yoxdur. Amma “The Beatles” qrupu zamanında ən zövlü qruplardan biri hesab olunurdu. Onların o qədər yüksək zövqə uyğun geyimləri var ki, təhlil edərək başqa geyimlərinə də də ithaf etmək olardı. Təşkilat komitəsinin geyim üzrə mütəxəssisinin məhz bu geyimi seçməsi bəlkə də sual doğura bilər. Bütün hallarda, mən hər zaman iştirakçılarımızı yüksək yerlərdə görmək istəyirəm, builki təmsilçilərimizə də uğur arzulayıram”.

Turan