Son günlər ardıcıl olaraq din xadimləri niyə istefa verib? - Komitə sədri danışdı
    • 10-05-2023, 11:32
    • 339

Son günlər ardıcıl olaraq din xadimləri niyə istefa verib? - Komitə sədri danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan bayramı ilə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib.

News24.az xəbər verir ki, bu barədə komitə sədri jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

O qeyd edib ki, Din sahəsində fikir söyləməzdən öncə məsələni diqqətlə araşdırmaq lazımdır. Qurban bayramı, Ramazan bayramı ilə bağlı elə müsəlman ölkəsi var ki, 5 gün, eləsi var 1 həftə tətil verir.

Onun sözlərinə görə, Azərbaycanda ənənəvi olaraq bütün bayramlarda 1, 2 və ya 3 gün tətil verilir. M.Qurbanlı vurğulayıb ki, Novruz bayramı daha çox günləri əhatə edir. O hesab edir ki, ölkəmizdə Ramazan və Qurban bayramlarının 2 gün olması o demək deyil ki, onunla əlaqədar məsciddə keçiriləcək tədbir mütləq başqa günləri də əhatə etməlidir:

"Həmin məntiqlə gərək digər ölkələrdə də 5 -7 gün ard-arda ayinlər keçirilsin. Burada əsas məsələ həmin ölkənin dini təşkilatının çıxartdığı qərardır. QMİ elan edir ki, ayın 21-i saat 8-də bayram namazı qılınacaq, bununla da məsələ bitir. Şeyxsülislam həmin gün gedib bayram namazını qıldırır. Əgər bir imam özünün mənsub olduğu təşkilatın, dini qurumun qərarını yerinə yetirmirsə, başqa bir ölkənin fətvasına əməl edirsə, sizcə düzmü edir?!".

Komitə sədri vurğulayıb ki, dini etiqad azadlığı yerindədir, amma hər bir dini təşkilatın özünün rəhbər orqanı var və o qərar verir ki, hansı bayram, hansı gündə olmalıdır: "Fətva bunun üçündür. QMİ-nin şəriət baxımından Azərbaycanda olan məscidlərdəki proseslə əlaqədar Qazılar Şurası fətva verir. Bu fətvaya əməl etmək bütün məscidlərd çalışan imamların borcudur".

Mübariz Qurbanlı onu da qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verdiyi fətva bütün məscidlərdə yerinə yetirilməlidir.
"Fətvada yer alan tövsiyələri kim pozsa, deməli həmin şəxs Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Ola bilsin ki, bu səbəbdən son günlər ardıcıl olaraq bir neçə din xadimi istefa verib. Bakıda hazırda ən azı 118 məscid fəaliyyət göstərir. Onlardan 5-i vəhdət sistemi ilə fəaliyyət göstərir. 99-a yaxın məscid isə bir məzhəbin daşıyıcısıdır".

Komitə sədri deyib ki, qurumun siyasəti dövlətin siyasəti ilə eynidir və maarifləndirmə işində vəhdət prinsipinə üstünlük verilir.

O, bütün imamlara tövsiyə edib ki, məscidlərdə vəhdət prinsipinə əməl etsinlər.

Turan