Baş nazirə müraciət edildi - Gediş haqqı yenidən artırılır?
    • 12-05-2023, 13:23
    • 387

Baş nazirə müraciət edildi - Gediş haqqı yenidən artırılır?

Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edərək, məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıb. Şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirib.

Gediş haqqı 10 qəpik artırılan zaman daşıyıcı şirkətlərin bir sıra problemi əsas gətirilmişdi. Əlavə vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı. Müraciətə əsasən görünən odur ki, problem hələ də var. Vətəndaşlar şirkətlərin bu müraciətinin yenidən qiymət artımına səbəb ola biləcəyindən narahatdır.

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, subsidiya daşıyıcı şirkətlərə qiymət artımından yayınmaq üçün verilib: “Tarif Şurası tərəfindən gediş haqqı artırıldı, daha sonra isə subsidiyaların verilməsi dayandırıldı. Hökumət bir müddət sərnişinlərin xərclərini öz üzərinə götürdü, büdcədən maliyyələşdirdi. Amma bunu davamlı etmək mümkün deyil. Ona görə də qiymət artımına gedildi. Dizel subsidiyası isə saxlanıldı”.

İqtisadçı hesab edir ki, qarşıdakı bir il ərzində qiymət artımının şahidi olmayacağıq: “Bu istiqamətdə heç bir gözləntim yoxdur. Çünki müvafiq şirkətlər subsidiyaların verilməsi ilə bağlı qərar qəbul edilən zaman onun dayandırılacağı haqda da məlumatlı idilər. Ona görə də bu müraciətin nəyisə dəyişəcəyini düşünmürəm, Ümumiyyətlə, yaxın bir ildə qiymətlərin dəyişəcəyi gözlənilmir”.

Turan