Ərdoğanın “sirr küpü” və “sağ əli” Qarabağla bağlı bunu edəcək - Türkiyənin məşhur kəşfiyyatçısı AÇIQLADI
    • 8-06-2023, 15:54
    • 606

Ərdoğanın “sirr küpü” və “sağ əli” Qarabağla bağlı bunu edəcək - Türkiyənin məşhur kəşfiyyatçısı AÇIQLADI

“Prezident Rəcəb Tayyib Ərdoğan yeni kabineti “əsrin kabineti” elan etdi. Çünki bu ildən “Türkiyənin yüz ili” başladı. Yeni kabinet bu yüz ilin başlanğıc kabinetidir, buna görə də çox vacibdir. Nazirlər Kabinetinin tərkibində yer alan isimlərin hər biri çox qiymətlidir. Dövlətin bundan sonrakı siyasətinin dəyişib-dəyişməyəcəyi məsələsinə gəlincə, mənə görə, Türkiyənin siyasəti dəyişməyəcək. Türkiyə artıq bir yol xəritəsi müəyyən etmişdi, bu yola da davam ediləcək”. 

Bunu türkiyəli siyasətçi, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ News24.az-a açıqlamasında deyib.

O bildirib ki, kabinetdə yer alan əvvəlki nazirlər də Türkiyə üçün çox böyük işlər görüblər: “Əvvəlki nazirlər dövlətin hədəf və məqsədlərini mükəmməl həyata üçün tədbirlər gördülər. Hazırki yeni kabinet bayraq yarışı olaraq davam edən prosesi, yəni təhvil aldığı bayrağı daha da irəli aparmağın yolunu axtaracaq. Ona görə də belə kəskin dönüş və strategiya dəyişikliyi gözlənilməz, yəni olmayacaq şeylərdir”.



Sabiq kəşfiyyat polkovniki yeni xarici işlər naziri Hakan Fidanın görəcəyi işlərə diqqət çəkib: “Hakan Fidanın nə edəcəyi bəllidir. Yaxın Şərqdə konfliktli bir coğrafiya var, eyni zamanda İraq və Suriya həll edilməsi vacib olan iki böyük problemdir. Ermənistanın Qarabağa münasibəti də önəmlidir. Orada yenə də bizi ciddi siyasi proseslər gözləyir. Hazırda aktual olan Rusiya- Ukrayna məsələsi var. Həmçinin Avropada da qaynar nöqtələr var. Məsələn: qarşıda bizi Kosovo və Serbiya məsələsi gözləyir. Beləliklə, qeyd etdiklərin hər zaman XİN rəhbərinin fəaliyyətində əsas ağırlıq mərkəzi olacaq”.

Coşqun Başbuğ İbrahim Kalının Milli İstehbarat Təşkilatının sədri təyin olunması haqda da danışıb: “Ümid edirəm ki, Hakan Fidan və İbrahim Kalınla türk dünyasının və ümumiyyətlə türk dövlətlərinin, Turan birliyinin önünü açan və bu istiqamətdə mühüm addımların atıldığı bir proses başlayacaq. Kalın daha əvvəl Prezident Ərdoğanın sağ əli idi və önəmli məsələlərə hakim bir şəxsiyyətə malikdir. Onun Milli Kəşfiyyat İdarəsinə rəhbər təyin olunması ölkəmiz üçün çox mühümdür. Kalın artıq prosesləri bilir, Ərdoğanın fikirlərinə bələddir, onun göstərişlərinə uyğun olaraq Türkiyədə yeni kəşfiyyat dövrünün başladığını deyə bilərik. O da eyni şəkildə Hakan Fidanın böyük uğurla keçdiyi 13 ili davam etdirəcək bəzi həmlələr edəcək. Onsuz da MİT-də çox qalıcı dəyişikliklər tətbiq edilib. İbrahim Kalın bayrağı Hakan Fidanın qaldığı yerdən daha da irəli aparacaq”.

Akqabay Mıradov