Hansı ölkələrdə "Vaqner" var?
    • 25-06-2023, 13:30
    • 137

Hansı ölkələrdə "Vaqner" var?

Rusiya Müdafiə Nazirliyinə qarşı üsyana başlayan rus muzdlu dəstəsi "Vaqner" dünyanın bir çox yerlərində fəaliyyət göstərir. İddialara görə, "Vaqner"də işləyən muzdlular ilk dəfə 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqında xidmət ediblər. Digər iddia isə "Vaqner"in 2013-cü ildə Suriyada vətəndaş müharibəsi zamanı fəaliyyətə başladığıdır. Qrup həmçinin 2022-ci il fevralın 24-də Ukraynaya hücumda da iştirak edib. ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatına görə, Ukraynadakı "Vaqner" muzdlularının 80 faizi keçmiş məhkumlardır. Rusiyada muzdlular qadağan edilsə də, "Vaqner" 2022-ci ildə şirkət kimi qeydiyyatdan keçib və qərargahını Sankt-Peterburqda açıb.

"Vaqner" Ukraynada məşhurlaşsa da, dünyanın bir çox yerlərində fəaldır. Qrupun Afrikadakı təsirinin günü-gündən artırdığı düşünülür. Şirkət burada 2018-ci ildə işə başlayıb. Afrikada ən çox Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə məşhurdur. Burada 2000 nəfər olduğu güman edilən muzdlular həm orduya təlim verir, həm də prezidentin təhlükəsizliyini təmin edir. "Vaqner" əsgərlərinin ölkədəki qızıl və almaz mədənlərinin təhlükəsizliyini təmin etdiyi də düşünülür. 

Liviyada yerləşdirilən 2000 "Vaqner" muzdlusu ölkənin ortasındakı "Jufra" aviabazasında, eləcə də əl-Kərdabiya aviabazasında və "Sirte" limanında fəaliyyət göstərir. 23 oktyabr 2020-ci il tarixində Cenevrədə Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında aparılan danışıqlar nəticəsində imzalanan sazişdə Liviyadakı münaqişə tərəfləri xarici qüvvələrin, xüsusilə də Vaqner qrupunun ölkədən 3 ay ərzində çıxarılması barədə razılığa gəliblər. Lakin Xəlifə Haftaranın "Vaqner" əsgərlərini ölkədən qovduğuna dair bu günə qədər heç bir açıqlama verilməyib.

"Vaqner"in bu ölkələrlə yanaşı Burkina Faso, Qvineya, Qvineya Bisau, Madaqaskar, Zimbabve və Anqolada da əməliyyatları olduğu güman edilir.