“Bakı Payızı" 35 ildən sonra səhnəmizə yeni ulduzlar bəxş edəcək"
    • 28-06-2023, 13:20
    • 299

“Bakı Payızı" 35 ildən sonra səhnəmizə yeni ulduzlar bəxş edəcək"

“Bakı Payızı 2023" 35 ildən sonra səhnəmizə yeni ulduzlar bəxş edəcək".

Bunu "Bakı Payızı" layihəsinin baş koordinatoru Fidan Mirqədirova deyib.

Onun sözlərinə görə, məşqlər bitib: "Hazırda müsabiqəyə start verilib. İyulun 1-i isə orjinal janr, müasir xoreoqrafiya, bəstəkarlar çıxış edəcəklər. Ümumilikdə, layihə 5 janrı əhatə edir".

Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilir. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompazisiyalarla yarışırlar. İstedadlı vokal ifaçıları öz istedadlarını göstərmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında əllərindən gələni edir, müsabiqəyə böyük maraq və həvəs nümayiş etdirirlər. Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə musiqilərlə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adıları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.

“Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər kürsüsündə xalq artisti Aygün Kazımova, Azərbaycan musiqiçisi, qarmon ifaçısı, xalq artisti Ənvər Sadıqov, xalq artisti Zülfiyyə Xanbabayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasının müdiri Məryəm Babayeva, müğənni İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və xalq artisti Mübariz Tağıyev əyləşib.

Musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə - “Bakı Payızı 2023 - 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.

Tədbir iyulun 1-dək davam edəcək. /Report/