Dini təhlükəsizliyimizə təhdid: İnforcasus şəbəkəsinə necə qalib gəldik?
    • 7-07-2023, 16:00
    • 262

Dini təhlükəsizliyimizə təhdid: İnforcasus şəbəkəsinə necə qalib gəldik?

Azərbaycan informasiya məkanında dini təqdimatlara tez-tez rast gəlirik. Bu informasiyalar həm təbliğat, həm də maarifləndirmə rolunu oynayır. Eyni zamanda təəssüf ki, başqa maraqlara xidmət edən və dövlətin təhlükəsizliyinə təhdid yaradan məlumatlarla da qarşılaşırıq. Bunların içərisində “jurnalistin” şəxsi mövqeyini ortaya qoyduğu, ayrı-ayrı yerlərdən aldığı sifarişi başlığa çıxarılıb manşet edilən yazılar da az deyil. “İslam ümməti tezliklə şəhid generalın başladığı qəti qələbənin şahidi olacaq”; “Əfsanəvi generala qarşı terror aktından üç il ötür” və s. yüzlərlə bu cür yazı nümunələri göstərə bilərik. Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən media orqan(lar)ı Azərbaycan dövlətinə qarşı olan şəxsi(ləri) niyə “əfsanələşdirərək”, təbliğ edir?!

Təqdimatlara baxdıqda sual yaranır: bu media resursları kimə və hansı məqsədə xidmət edir? 

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müxtəlif ölkələr müxtəlif adlar altında Azərbaycanın ictimai-siyasi sektoruna nüfuz etdi. Təəssüf ki, onlar hiyləgərcəsinə xüsusilə media sahəsində yer tuta bildilər. Onlar bunu “din” və “din həmrəyliyi” pərdəsi altında və mədəni əlaqələrin yaxınlığı istiqamətində həyata keçirdilər. Bəzi dini cərəyanlar bu pərdə altında məhz özlərinin maraqlarını gerçəkləşdirməyə çalışdılar. Sonradan məlum oldu ki, bütün bu davranışlar hiyləgər siyasi maraqlar baxımından həyata keçirilib. 

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təhdidlərin qarışısını yüksək peşəkarlıqla aldı və ölkədə dini təhlükəsizliklə bağlı qətiyyətli mövqe nümayiş etdirildi. Göstərildi ki, Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyənlərə dəstək göstərmək və ona xidmət etmək yolverilməzdir. Bu mübarizə tədbirlərində həmin şəbəkələrin dini təşəbbüskarlıq adı altında həyata keçirdiyi  proseslə yanaşı, həm də “casus mediası” da ifşa olundu.

Nəzərə alsaq ki, təqdim etdiyimiz hər bir məlumat beynəlxalq müstəvidə də diqqətlə izlənilir, çünki Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Ölkəmizdə həm dinlərarası, həm də millətlərarası tolerant münasibətlər, multikultural dəyərlərə xalqın və dövlətin verdiyi qiymət, birlik və bərabərlik içərisində birgə yaşayış dünyanın heç bir ölkəsində olmayacaq dərəcədə yüksək səviyyədədir. Amma bundan sui-istifadə yolverilməzdir. 



Azərbaycan dini təhlükəsizliyə təhdid olan inforcasus şəbəkəsinə qarşı necə mübarizə apardı?


Biz bunu bu ilin yanvarın 31-də “İnter az” və “Salamnyus”un timsalında da gördük. Media cameəsinə bu informasiya resurslarının İrana bağlı olduğu, molla rejiminin təbliğatını apardığı bəlli oldu. Bəzi şəbəkələrin Azərbaycana qarşı aqressiv siyasəti fonunda onların maliyyəsi və tapşırığı ilə yayımlanan bu kimi media orqanlarının fəaliyyəti informasiya təhlükəsizliyində risklər yaradır. Azərbaycan hüquq-mühafizə orqanları və Dövlət Təhlükəsizliyi Xidməti dövlətçiliyimizə və dini təhlükəsizliyimizə təhdid yaradan bu “casus şəbəkəsinə” qarşı əməliyyat keçirirək onların fəaliyyətini məhdudlaşdırdı və yarana biləcək təhlükənin qarşısını aldı. 

Azərbaycan ona qarşı düşmən mövqe sərgiləyənlərə qarşı media, QHT, siyasi və digər sferalarda da fəaliyyətlərini yaranmış situasiyaya uyğunlaşdırdı. Ölkədə daim davam etdirilən araşdırmalar genişləndirildi, onlarla açıq və qapalı şəkildə əməkdaşlıq edən, Azərbaycan dövlətinə qarşı çıxış edən qüvvələr məhz dini təhlükəsizliyimizə təhdid olan bəzi media orqanlarının timsalında zərərsizləşdirildi. Bu sahədə ədalətli yoxlamalar aparıldı və məsələlər hüquq müstəvisində araşdırıldı.

Ölkəmizdə dini təhlükəsizlik necə təmin edilir?

Ümummilli lider Heydər Əliyev din sahəsində balanslaşdırılmış siyasət yürüdüb. 1995-ci ildə ulu öndərin təşəbbüsü və referendum yolu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında dini münasibətlərin hüquqi bazasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda bütün dini etiqadlar qanun qarşısında bərabər elan edilib. Bu gün ölkədə tolerantlıq şəraiti yaradılıb. Dini sferada münaqişələrin olmaması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən təşəbbüslərin nəticəsidir. Belə ki, İlham Əliyev tərəfindən 2021-ci ilin dekabrın 30-da imzalanan “Media haqqında” Azərbaycan Respublikasının Qanununda din və media münasibətlərinə xüsusi önəm verilib. 

Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə dini təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır. Bu qurumlar media ilə qarşılıqlı çalışır. Çünki milli-mənəvi və dini dəyərlərin təbliğində, eyni zamanda insanlara düzgün çatdırılmasında media mühüm rol oynayır.

Ölkəmizdə dini təhlükəsizlik ilk növbədə doğru dini maariflənmə ilə təmin olunur. Çünki insanlar din haqqında doğru biliklərə sahib olsalar, radikal cərəyanlara yönəlməzlər. Son illərdə görürük ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və onun nəzdində olan Azərbaycan İlahiyyat İnstitutunun, eyni zamanda Mənəvi Dəyərlərin Təbliği Fonundunun fəaliyyətlərində dini maarifləndirmə daha önə çıxmağa başlayıb. Bunun nəticəsində də insanlarımız din haqqında doğru məlumatlar əldə etməyə başlayıblar.



Mediada dini bilgisi olmayan şəxslərin dindən danışması yolverilməzdir!

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov News24.az-a bildirib ki, dini təhlükəsizliyi qoruyub saxlamağın əsas yollarından biri dini maarifləndirmədən keçir və son illərdə də məhz bu istiqamətdə işlər həyata keçirilir: “Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir, orada din sahəsində mütəxəssislər hazırlanır. Mənəvi Dəyərlərin Təbliği Fonundu vasitəsilə xeyir işlərlə məşğul olunur, həmçinin maarifləndirici tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bütün şöbələri bu istiqamətdə fəaliyyət göstərir. Orta və ali məktəblərdə, müxtəlif qurumlarda tədbirlər təşkil olunur. Bunun nəticəsində əhali din haqqında daha çox maariflənir və bu, dini təhlükəsizliyimizin qorunmasında öz töhfəsini verir”. 

Son illər Azərbaycan mediasında dini təhlükəsizliklə bağlı maarifləndirici materialların sayı artıb. Amma eyni zamanda başqa bir tendensiya da müşahidə olunur. Bəzən mediada din sahəsində mütəxəssis olmayan şəxslər tərəfindən yazılan məqalələrdə dinlərarası, həmçinin məzhəblərarası ədavətə yol açacaq ifadələr istifadə olunur. 

Dövlət-din münasibətləri mövzusunda uyğun olmayan yazılar əsasən populyar olmayan xəbər portallarında dərc olunur. A.Şirinovun sözlərinə görə, bu materialların bir hissəsi din sahəsindəki məlumatsızlıqdan qaynaqlanır, digər qismini isə radikal dini qrupların özlərinin açdıqları portallar və ya sosial media platforması üzərindən yaradılan kanallarda görürük: “Bütün bunlar xüsusilə də gənc nəslin dini maarifləndirilməsi sahəsində mənfi rol oynayır. Amma bununla yanaşı ciddi mediada son illər çox keyfiyyətli və din sahəsi haqqında kifayət qədər məlumatverici materialların dərc olunduğunun da şahidiyik”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dini təhlükəsizlik dövlət səviyyəsində ən yüksək formada təmin olunur. Onun sözlərinə görə, ölkəmizdə dini etiqad və vicdan azadlığı üçün hər cür şərait yaradılıb. 

İlahiyyatçı alim əlavə edib ki, Azərbaycanda mövcud olan dinlərin nümayəndələri çox rahat və sərbəst şəkildə dini ayinlərini icra edirlər. Onun sözlərinə görə, ölkəmizdə dinin siyasiləşdirilməsinin, dindən siyasi məqsədlər üçün istifadənin, dini radikalizmin güclənməsinin, təşəkkül tapmasının qarşısının alınması üçün davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu gün həm ölkə daxilindən, həm də xaricdən gələ biləcək təhdidlərlə bağlı dövlət səviyyəsində çox ciddi addımlar atılır. 

Bu gün Azərbaycan dini təhlükəsizliyi ən güclü və yüksək formada təmin edən dövlətlərdən biridir. Ölkəmizdə bütün dinlərə azadlıq var, eyni zamanda dini zəmində və müstəvidə ayrı-seçkiliyin baş verməməsi üçün bütün zəruri addımlar mərhələli və düzgün formada atılır. Azərbaycan dünyada tolerantlıq və multikulturalizmin mərkəzlərindən birinə çevrilib. Bu siyasət ölkəmizdə bu gün də uğurla davam etdirilir.

Qeyd: Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Akqabay Mıradov