Arvadını və qayınanasını öldürəcəyini dedi, həbs edildi – ŞOK TƏFƏRRÜAT
    • 17-07-2023, 23:25
    • 245

Arvadını və qayınanasını öldürəcəyini dedi, həbs edildi – ŞOK TƏFƏRRÜAT

Gədəbəydə həyat yoldaşını və qayınanasını ölümlə hədələyən Yevlax sakini, 1993-cü il təvəllüdlü Z.M. həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Novoivanovka kəndində baş verib.

Belə ki, Yevlax rayonunda ərdə olan qadın 10 ay əvvəl yoldaşından ayrılaraq Gədəbəyə anasının yanına qayıdıb. Bu müddət ərzində onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin onun həyat yoldaşı bir neçə gün əvvəl  sərxoş halda Yevlaxdan Gədəbəyə gedərək ona qarşı tələblər irəli sürüb və nəticədə münaqişə yaradıb.

Qadının polisə müraciətindən sonra araşdırma aparılıb və Z.M saxlanılıb.

Z.M-nin keçmiş həyat yoldaşı və qayınanası zərərçəkmiş şəxs qismndə tanınıb. Qadın bildirib ki, keçmiş əri onu və ailəsini hədələyir: “Gədəbəy rayonu Novoivanovka kəndində yaşayıram. Saxlanılan şəxs ərim olub, 10 aydır ki, ayrı yaşayırıq. O daim bizə, ailəsinə ciddi ziyan vurub. Qumar oynayıb, qızıllarımı lombarda qoyub, adımıza kreditlər götürüb. Buna görə də aramızda narazılıq yaranıb. Ağır xəstə anama pis davranıb, onu və məni nalayiq ifadələrlə təhqir edib. Həmçinin uşaqların onda qalmalı olduğunu, əks təqdirdə məni öldürəcəyini bildirib. Bu səbəbdən də, uşaqları ona vermişəm. Lakin bir neçə gün əvvəl mənə zəng vuraraq onunla barışmağımı tələb etdi, bildirdi ki, əks halda məni və anamı öldürəcək, yaşadığımız evi yandıracaq. Hadisənən bir qədər qabaq Novoivanovkadakı evimizə gələcəyini demişdi. Hətta dostu mənə zəng vurub onun məni öldürmək üçün yola düşdüyünü dedii. Mən də qorxdum və məcbur olub DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat verdim. Bundan sonra polis əməkdaşları gəldi və sərxoş halda evə gələn keçmiş həyat yoldaşımı tutub bölməyə apardılar. Onun artıq mənə zəng vurmasını və bizi narahat etməsini istəmirəm və onun barəsində tədbir görülməsini xahiş edirəm”.

Saxlanılan şəxs əməlini etiraf edib və peşman olduğunu deyib: “Yevlaxda yaşayıram. Fəhləyəm. İki azyaşlı övladım var və uşaqlar hazırda mənim himayəmdədir. Arvadımla 10 aydır ki ayrılmışıq, hazırda işimiz məhkəmənin icraatındadır.  Həmin gün Yevlaxdan sərxoş halda Gədəbəyə getdim. Ora gedəcəyimi əvvəlcədən keçmiş arvadıma demişdim. Ora çatanda gördüm ki, polislər də ordadır. Onlara müqavimət göstərməmişəm və nalayiq ifadələr işlətməmişəm. Arvadıma nalayiq ifadələr demişəm və bundan da peşmanam. Davranışlarıma görə keçmiş arvadımdan və polis əməkdaşlarından üzr istəyirəm".

Gədəbəy rayon Məhkəməsinə daxil olmuş protokola hakim Marif Kazımov baxıb. Z.M-ya İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri üzrə təqsirli bilinərək 20 sutka inzibati həbs cəzası verilib.

Taleh Bağırov