Ermənistan Hindistandan silahı öz istəyi ilə  almayıb Politoloq açıqladı
    • 27-07-2023, 15:59
    • 145

Ermənistan Hindistandan silahı öz istəyi ilə almayıb Politoloq açıqladı

Xəbər verdiyimiz kimi Hindistandan Ermənistana yük avtomobili vasitəsilə silah-sursatın daşındığı görüntülər qeydə alınıb. 
Belə ki, Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti müşahidə edilib. Aydındır ki, İrandan Ermənistana daşınan yüklər hərbi məqsədlər üçün nəzərdə tutulub.  Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanandan Ermənistana silah tədarükünü dayandırmağı barədə çağırış edib. O bildirib ki,  Azərbaycan və Ermənistan sülh sazişi haqqında danışıqlar apardığı bir vaxtda Hindistanın Ermənistana öldürücü silahlar verməsi vəziyyətin gərginləşməsinə səbəb
olur.

Politoloq Tofiq Abbasov
mövzu ilə bağlı News24.az-a münasibət bildirərkən qeyd edib ki, Hindistanın bu addımı Cənubi Qafqaz regionunda sülhə maneə törədir, təhlükəsizliyi təhdid edir.

“Ermənistanın Hindistandan silah-sursat almaq istəyi öz xoşuyla deyildi. Onlar buna məcbur edildilər. 2020-ci ildə məğlubiyyətindən sonra onların hər hansı bir söz deməyə üz yox idi. Separatçılar zirzəmilərdə gizlənir və qorxurdular. Onlar güya Azərbaycana qarşı cəbhələnmək istəyirdilər lakin bütün hərbi avadanlıqları orada qoyub qaçdılar.  Artıq bir müddət sonra ki, bəzi böyük güclər ölkəmizin qələbəsini qısqanclıqla qarşıladılar, onlar dərhal Qarabağda separatçılara və Ermənistan hakimiyyətinə fətva verməyə başladılar. Çünki həmin güclər Azərbaycanın regionda güc sahibi olmağını istəmirlər və bundan ciddi şəkildə narahatlıq keçirirlər.   Digər tərəfdən isə çalışırlar ki, prosses məntiqi sonluğa çatmasın. Lakin Azərbaycan əvvəl-axır Xankəndində olacaq”.

Politoloqun sözlərinə görə, Ermənistanı hərbi baxımdan gücləndirməkdə məqsəd yenidən müharibəyə hazırlamaqdır. 

“Onlar lərzəyə düşdülər ki, Azərbaycan niyə Laçın-sərhəd məntəqəsi tikir. Hindistan sülhün əleyhinədir, bu səbəbdən də mümkün qədər silah-sursatla təmin etməyə çalışır.  Onların əks mövqe göstərməkdə məqsədləri odur ki, Ermənistanı silahlandırıb yenidən bizə qarşı cəbhələndirsinlər. Lakin qarşı tərəf  bilməlidir ki, onları silah-sursatla təmin edən ölkələr öz mənafeləri üçün bu addımı atırlarr. Hazırda   Ermənistanın gələcək müqəddaratı həll olunur. Fövqəl qüvvələr dünyanı şərti olaraq bir neçə yerə bölürlər. Və belə olduğu halda ümumiyyətlə bu ölkənin orada yeri olmayacaq. Nə qədər ki, onlar Azərbaycanın tələblərini yerinə yetirməyəcəklər, təhlükə kabuusu üstlərində olacaq”,- deyə Abbasov yekunlaşdırıb.

Arzu