"Buta" AZAL-a birləşir, qiymətlər artacaq? - EKSPERT RƏYİ
    • 29-07-2023, 20:26
    • 150

"Buta" AZAL-a birləşir, qiymətlər artacaq? - EKSPERT RƏYİ

AZAL-dan verilən məlumata görə bu ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - “Buta Airways” vahid brend altında birləşəcək.

Bəs iki şirkətin birləşməsi sərnişinlərə müsbət nələr vəd edir? 

Bu barədə News24.az-a danışan turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov bildirib ki, yeni yaradılacaq  vahid brenddə hər iki şirkətin müsbət cəhətləri birləşdiriləcək. 

“İndi sərnişinlər AZAL-dakı kimi rahat komfortlu uçuşlardan eyni zamanda “Buta Airways”dəki ekonom siniflərdən eyni anda yararlana biləcəklər. 

Düşünürəm ki, burada əsas məqsəd həm də AZAL-ın xərclərinin optimallaşdırılması, idarəetmənin daha da səmərəli olunmasıdır. AZAL-ın bundan sonra öz büdcəsini daha səmərəli idarə edəcəyi gözlənilir. Sərnişinlər “Buta Airways”dən əldə etdikləri endirimli biletləri indi vahid platformadan AZAL-dan alacaq. Bunun üçün əvvəl “Buta Airways”də olduğu kimi tez rezervasiyaya ehtiyac olacaq”.
 

Ekspertin sözlərinə görə, sərnişinlər artıq AZAL-da yüklərin miqdarını da seçə biləcəklər:

“Əvvəl AZAL-ın belə bir imkan yox idi. Sərniçinlər “Buta Airways”də olan bu imkandan artıq AZAL-da da yararlana biləcəklər. Əlavə olaraq menyunun da yaxşılaşdırılması nəzərdə tutulub. Bu da sərnişinlərin daha komfortlu uçmasına şərait yaradacaq. Ümid edirəm ki, həm yerli həm də əcnəbi vətəndaşlar gələcəkdə AZAL-ın vəd etdiyi bu imkanlardan faydalana biləcəklər".

Günəş Mərd