ABŞ Azərbaycanı dəstəklədi - Separatçılar bölgədən qaçmağa çalışacaqlar...
    • 31-07-2023, 17:42
    • 952

ABŞ Azərbaycanı dəstəklədi - Separatçılar bölgədən qaçmağa çalışacaqlar...

ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulayıb. Bununla da dolayısı ilə rəsmi Bakının yüklərin daşınması üçün alternativ marşrut olaraq təklif etdiyi Ağdam yolunu dəstəkləyib.
 
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Anar Əliyev bildirdi ki, Blinkenin sözləri Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoyub:

“Prezident İlham Əliyev Entoni Blinkenlə söhbətində Ermənistanın məqsədli şəkildə sülh prossesinə və danışıqların gündəliyinə təsir etmək, maneə olmaq cəhdləri ilə bağlı fikirlərini səsləndirdi. Dövlət başçısı eyni zamanda ərazi bütövlüyümüzə və suverenliyimizə xələl gətirəcək addımlara Azərbaycan dövlətinin yol verməyəcəyi ilə bağlı qəti mövqeyini ortaya qoydu.

Bu danışıq zamanı Blinken Laçın yolu ilə bağlı yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması məsələsini qeyd etdi və dəstəklədi. Azərbaycan-Ermənistan arasında danışıqlarda əldə edilmiş müsbət nəticələrin qorunub saxlanması və inkişaf etdirilməsinə ABŞ-nin bundan sonra da dəstək verməyə hazır olduğunu bildirdi". 

Politoloq qeyd etdi ki, bu telefon danışığı bir daha Azərbaycanın haqlı mövqedə olduğunu sübut edir.  

"Dünyanın aparıcı ölkələrindən birinin siyasi rəhbərliyi ölkəmizin haqlı davranışını qəbul etmək məcburiyyətində olduğunu və dəstək nümayişini ifadə edir. Heç bir halda Ermənistan və onun havadarlarının bəyan etdiyi kimi Azərbaycan yolu bağlamayıb. Əksinə qanunsuz daşımaların qarşısının alınması istiqamətində qanuni və zəruri addımlar atıb. ABŞ Ermənistanın çıxardığı "humanitar şou"nun əsas hədəflərinin nələrdən ibarət olduğunu bildiyi üçün əslində obyektiv bir mövqe nümayiş etdirdi”,- A.Əliyev vurğuladı. 

 
Onun sözlərinə görə, Azərbaycan "humanitar yük" şousunun başladığı günlər də daxil olmaqla Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə ermənilərin Qarabağdan Ermənistana keçidini təmin edib.

“Heç bir insident baş verməyib. Erməni sakinlərə qarşı hər hansı bir addım atılmayıb. Azərbaycan daha qatı bir mövqe nümayiş etdirərək Xocalının əliqanlı qatillərindən Vaqif Xaçaturyanın saxlanılmasını təmin edə bilib. BQXK-nın yük maşını ilə ölkədən qaçmağa çalışan əsirlərə, girovlara qarşı amansız rəftarı ilə seçilən bir caninin saxlanılaraq Bakıya gətirilməsi hesab edirəm ki, Azərbaycanın bu prosseslərdə nə qədər qətiyyətli və dönməz mövqedə olduğunu bir daha sübut edir.

Eyni zamanda bu, Azərbaycana qarşı cinayət törətmişlər şəxslərə də verilən bir siqnaldır. Heçkəs hər hansı bir dövlətə, gücə arxayın olaraq qisas addımlarımızdan yayıya bilməyəcək. Heç bir güc ölkəmizə qarşı cinayət əməlləri törədən şəxslərin qanuni qisas prosseslərindən yayındıra bilməyəcək,

Bunu dərk edən separatçılar da bölgədən qaçmağa çalışacaqlar.

Düşünürəm ki, Azərbaycanın son zamanlar nümayiş etdirdiyi mövqe Qarabağ ermənilərinin reinteqrasiya prossesinin sürətlənməsinə təkan verəcək”,- deyə A.Əliyev fikrini yekunlaşdırdı. 
 
Arzu