“İcra hakimiyyətlərində rüşvət faktlarını şeytan belə düşünə bilməz” – Politoloqdan SƏRT SÖZLƏR
    • 1-08-2023, 12:42
    • 406

“İcra hakimiyyətlərində rüşvət faktlarını şeytan belə düşünə bilməz” – Politoloqdan SƏRT SÖZLƏR

Zaman-zaman yüksək vəzifəli məmurların korrupsiya əməllərinə görə həbs edilib ağır cəzalarla məhkum edilməsi cəmiyyətdə razılıqla qarşılansa da, nədənsə belələrinin sayı azalmır. Artlq iki gündür Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müxtəlif rayonlarda yenə də bir neçə yüksək vəzifəli məmuru "iş başında" yaxalayıb. Bu həbslərin sayı artsa da korrupsiyaya bulaşanların kökü kəsilmir. Elələri var ki, vəzifəyə təyin edilməzdən əvvəl cəmiyyətdə müsbət imicə malik olur. 
Bəs belə olan surətdə onların dəyişməsinin səbəbi nədir? Həqiqətən maraqlıdır, dövlətin etibar edib vəzifə həvalə etdiyi insanların korrupsiyaya bulaşması bir "xəstəlik"dir, yoxsa məcburiyyət? 

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Cümşüd Nuriyev bildirdi ki, yerli icra hakimiyyətlərinin fəaliyyəti yararsızdır:

“Dünyanın heç bir dövlətində rüşvət tam aradan qaldırılmayıb. Yaponiyanı istisna kimi qeyd edə bilərik. Təəssüf ki, İslam ölkələrində rüşvət daha çox yayılıb. Ya həddən artıq İslamdan uzaqlaşmışıq, ya da qorxu hissini itirmişik. 

Bizim icra hakimiyyətlərində ara qarışdırmaq halları çox güclüdür. Rüşvət üçün münbit şərait yaratmaqdan ötrü şeytanın düşünmədiyi metodlara əl atırlar. Şeytan düşünsə də, bu metodu tapa bilməz. Bu adamlar cahil olduqlarına görə, onun məsuliyyətini dərk etmirlər. Öz səlahiyyətlərini də anlamırlar. Onların yeganə məqsədi daha çox pul qazanmaqdır”. 

C.Nuriyev qeyd etdi ki, dövlət bu məsələyə kifayət qədər diqqət ayırır: “Prokurorluq, DİN, DTX operativ fəaliyyət göstərir. Amma bu icra hakimlərinin abır-həyası yoxdur. Rayonlarda vətəndaşları ən çox sözügedən məmurlar narazı salır. Artıq sərmayədarlara da haqq qoymağa başlayıblar”.

Onun sözlərinə görə, icra hakimiyyətləri ləğv olunmalıdır:

“Bu qurumların fəaliyyətsizliyi ilə inkişaf etmək mümkün deyil. Belə olan halda mənasız yerə fəaliyyət göstərmələrinə ehtiyac yoxdur. Əvəzində bələdiyyələr gücləndirilməlidir. Məsələn, Türkiyənin bələdiyyə sistemindən nümunə götürə bilərik”.