"Qisas" hədəfinə çatdı... - Möhtəşəm əməliyyatdan 1 il keçdi
    • 3-08-2023, 17:46
    • 1 891

"Qisas" hədəfinə çatdı... - Möhtəşəm əməliyyatdan 1 il keçdi

Bu gün Azərbaycan ordusunun həyata keçirdiyi "Qisas" hərbi əməliyyatının 1-ci ildönümüdür. 

Əvvəlcə, bu uğurlu əməliyyatı şərtləndirən məqamlar barədə...


Ötən il, avqustun 3-də Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin üzvləri 10 noyabr üçtərəfli bəyanatının müddəalarını kobud şəkildə pozaraq Laçın və Xocalı rayonları istiqamətindən, sülhməramlıların müvəqqəti nəzarətində olduğu ərazilərdən ordumuzun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Nəricədə hərbi qulluqçumuz, əsgər Anar Rüstəm oğlu Kazımov şəhid oldu. 



Bundan əlavə elə həmin gün dəstə üzvləri Kəlbəcər və Laçının ərazisindəki "Qırxqız" yüksəkliyini ələ keçirməyə çalışdılar. Ordumuz dərhal "Qisas" adı verilən xüsusi əməliyyata başladı.  Nəticədə Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Eyni zamanda qarşı tərəfin bir neçə döyüş mövqeyi dağılıb, onlara aid qeyri-qanuni hərbi hissəyə zərbə endirildi.

Elə həmin gün Müdafiə Nazirliyi bəyan etdi ki, ölkəmizin suveren ərazilərində  istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri  daha da sarsıdıcı olacaq. 




Əlbəttə ki, bu əməliyyat ordumuzun bir sıra önəmli uğurlarına səbəb oldu. Hərbi ekspert Ramil Məmmədli əməliyyatın bir sıra məqamlarını News24.az-a şərh edib. 

"Bu əməliyyatın nəticəsində ordumuz Xankəndi və Şuşa istiqamətindəki bütün yaşayış məntəqələrini, eləcə də digər əhəmiyyətli taktiki yüksəklikləri nəzarətə götürməyə nail oldu. Onlardan "Sarıbaba" yüksəkliyi Laçın və Şuşa rayonlarının arasında yerləşir. Həmin yüksəkliyin nəzarətə götürülməsi ilə ordumuz Şuşa rayonu istiqamətində üstünlük qazandı. "Qırxqız" və "Fərrux" yüksəkliklərinin nəzarətə götürülməsi isə imkan verdi ki, Xocalının şimal-qərb və şimal-şərq istiqamətlərində mövqelərimizi möhkəmləndirək".

R. Məmmədli deyir ki, bu əməliyyatların yekunu olaraq Ermənistan ordusunun sözü gedən istiqamətlərdəki hərəkətlənmələri nəzarətə götürüldü.

 Onun qənaətincə bu əməliyyat Ermənistan daxilində ərazi bütövlüyümüzə təhlükə yarada biləcək hərbi hissələrin sıradan çıxarılmasında mühüm rol oynadı. 




Siyasi şərhçi Natiq Miri də mövzu ilə bağlı fikirlərini bölüşdü. O dedi ki, Analoji əməliyyatların hərbi olduğu kimi, siyasi hədəfləri də var. "Qisas" nəticəsində ermənilərin Rusiya sülhməramlılarına ümidləri puç oldu. Ordumuz göstərdi ki, heç bir güc  dövlətin siyasi və təhlükəsizlik maraqlarına əngəl deyil:

"Əməliyyatının əsas hədəflərindən Rusiya sülhməramlı kontingentinin burada müvəqqəti yerləşdirildiyini qarşı tərəfə göstərmək idi. "Qisas" hərbi hərəkatı nəticəsində bir sıra strateji yüksəkliklərə nəzarət etməyə başlamağımız çox önəmlidir. Həmin yüksəkliklər sonradan Laçın istiqamətində bir sıra əməliyyatların keçirilməsinə də yol açdı. Bu məsələ Azərbaycanın istənilən vaxt Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı analoji addımlara zəmin yaratmış oldu. Bu gün istər həmin silahlı birləşmələrinin, istərsə də sülhməramlıların bütün hərəkətləri nəzarət altındadır. Sözü gedən əməliyyatın nəticələrini bu gün də hiss edirik. Düşünürəm ki, "Qisas" gələcəkdə Qarabağın bütün ərazilərində ölkəmizin suverenliyinin bərpasında mühüm rol oynayacaq".



Milli Məclisin üzvü Vahid Əhmədov isə diqqəti Ermənistandan ara-sıra səslənən militarist bəyanatlar fonunda Azərbaycanın diplomatik uğurları nəzərəçarpacaq dərəcədədir:

"Qarabağda məskunlaşan qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirilməlidir. "Qisas" əməliyyatının nəzərdə tutduğu əsas məqsədlərdən biri bundan ibarətdir. Bu gün Ermənistandan ara-sıra müharibənin bitmədiyi ilə bağlı bəyanatlar səslənir. Lakin onların heç bir önəmi yoxdur. Bildiyiniz kimi, Xankəndi istiqamətində də müəyyən addımlar atılır. Bütün bunlar Azərbaycanın uğurla həyata keçirdiyi siyasətlə yanaşı, həm də diplomatiyamızın qələbəsidir". 

Qeyd edək ki, "Qisas" nəticəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb,  keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib; Qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib. Eyni zamanda Ermənistan ordusunun "D-30" markalı bir neçə ədəd haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.

Fərid Azəri