Baş prokuror Qubada vətəndaş qəbulu keçirdi - FOTO
    • 4-08-2023, 17:46
    • 171

Baş prokuror Qubada vətəndaş qəbulu keçirdi - FOTO

Baş prokuror Kamran Əliyev Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz və digər rayonlardan olan vətəndaşları qəbul edib.

News24.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Daha sonra, Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.