Millət vəkili:
    • 5-08-2023, 12:41
    • 240

Millət vəkili: "Ermənistanın Laçın yolundan istifadə istəyi humanitar məqsəd daşımır"

"Azərbaycanın Laçın yolundan tibbi məqsədlər, Ağdam-Xankəndi yolundan isə yük daşımalar üçün istifadə olunması ilə bağlı təklifi bölgədəki mövcud problemlərin həllinə ən optimal yanaşmadır".

News24.az xəbər verir ki, bu sözləri  millət vəkili Vüqar Bayramov "Facebook" hesabında yazıb.
O bildirib ki, Ermənistan siyasi hakimiyyətinin hər vəclə yalnız Laçın yolundan istifadə etməyə can atması heç də humanitar deyil, daha çox yenidən maneəsiz gediş-gəlişə nail olmaq məqsədi daşıyır. Amma Laçın buraxılış məntəqəsinin fəaliyyəti Azərbaycanın suveren hüququdur və heç bir halda bu hüququn məhdudlaşdırılması müzakirə obyekti ola bilməz:
 
"Artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir. Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə, bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb. Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur tezliklə Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək. Söhbət Azərbaycan iqtisadiyyatında əlavə 10 milyard manatlıq yeni dəyərin yaranmasından gedir.
Bu isə həm də o deməkdir ki, bölgədə artıq yeni düzən formalaşıb. Qarabağ ermənilərinə humanitar yardım göstərmək niyyətində olduğunu bəyan edən Ermənistan siyasi hakimiyyəti müasir standartlara uyğun qurulmuş Ağdam-Xankəndi yolundan faydalanmaqla bunu asanlıqla edə bilər. Amma İrəvanın məqsədi gercəkdən humanitar yardımdırmı?"

Aydan