"İran terrorçuları Azərbaycana təhvil verməlidir" ŞƏRH+VİDEO
    • 9-08-2023, 15:29
    • 871

"İran terrorçuları Azərbaycana təhvil verməlidir" ŞƏRH+VİDEO

Ötən gün baş prokuror Kamran Əliyev İran baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahanini qəbul edib. Görüş zamanı bu il yanvarın 27-də Tehrandakı səfirliyimizə qarşı törədilən terror hücumuna toxunulub. O, İran tərəfinin bu hadisə zamanı ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyini, o cümlədən cinayəti törədən və ya onunla əlaqəsi olan bütün şəxslərə layiqli cəza verilməsinin zəruriliyini qeyd edib. 

Öz növbəsində İran rəsmisi istintaqın qısa vaxtda yekunlaşacağını və təqsirkara layiqli cəza veriləcəyini bilirib. 

Bu məqamda bir sual ciddi düşündürür, rəsmi Tehran bu istəyində səmimidirmi? Çünki sözügedən terror hadisəsindən sonra İranın rəsmi KİV-ində Azərbaycana qarşı aparılan provakasiya tərkibli təbliğat göstərdi ki, özünü "din qardaşı" adlandıran qonşumuz öz məkrli planlarından əl çəkmək istəmir.

Maraqlıdır, bütün bunlardan sonra İran Baş Prokurorluöunun yüksək vəzifəlisinin ölkəmizə səfərinin arxasında nə durur?Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Sədrəddin Soltan hesab edir ki, rəsmi Tehran niyyətində səmimi olmamaqla yanaşı, həm də müxtəlif bəhanələrlə vaxt uzadır:

“İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışanda münasibətlərin normallaşması istiqamətində hansısa fikirlər söyləyir, amma görürsən ki, İrandakı müxtəlif rəsmi qüvvələr yenidən əleyhimizə addımlar atırlar. Onlar səfirliyə hücumu adi məişət hadisəsi kimi qələmə verməyə cəhd göstərir. İsfahaninin Bakıya səfəri ilə Azərbaycan tərəfini istintaqın gedişi barədə məlumatlandırmaq görüntüsü yaradır. Bu cür hüquqi manevrlərlə vaxtı uzatmaqla ümid edir ki, Azərbaycan baş verən hadisələri unudacaq və onlara yenidən etibar edəcək. İran hakimiyyəti Azərbaycanda etimadı itirib. Bu səbəbdən də İranın bu tipli addımlarının səmimi sayılması məncə məntiqli deyil. Çünki İran tərəfi irəli sürülən şərtlərə əməl etməlidir. Bunu etməyənə qədər İran tərəfinin atdığı bütün addımlar məqbul sayılmayacaq”.

Milli Məclisin üzvü Vahid Əhmədov isə İranla münasibətlərimizin yumşalması prosesində gündəmi Azərbaycan tərəfinin uğurlu xarici siyasəti, eləcə də Türkiyə ilə sıx müttəfiqlik əlaqələrimiz müəyyən edir:

“Prezident İlham Əliyevin apardığı xarici siyasət çox uğurludur və onlar bu faktoru nəzərdə almağa məcburdurlar. İkincisi də, Azərbaycan Türkiyə ilə çox yaxın bir dövlətdir. Faktiki olaraq xarici siyasətə dair məsələlərdə mövqelərimiz uzlaşır. Əlbəttə ki, Türkiyənin də burada müəyyən qədər təsiri var. Çünki Rəcəb Tayyib Ərdoğan da iranlı həmkarı ilə bu məsələləri müzakirə edib. Baş prokuror da öz tələbini irəli sürüb ki, istintaq yekunlaşmalıdır. Bu məsələ həll olmasa da, baş prokuror Kamran Əliyev kifayət qədər qətiyyətlidir. Mən hesab edirəm ki, bu məsələ həll olunmalıdır. Belə olmasa İran-Azərbaycan münasibətləri heç vaxt yaxşı ola bilməz. Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq cinayətkar cəzasını almalıdır. İran qonşu dövlətdir və bizim münasibətlərin yaxşılaşmasına ehtiyac var. Əlavə düşmənlərə ehtiyacımız yoxdur”.



Milli Məclisin digər üzvü Fazil Mustafa isə özünə qarşı törədilən silahlı hücumla səfirliyimizə qarşı törədilən terror aktını müqayisə etdi:

"Gecikmiş də olsa, İranın məsələyə bu cür münasibət bildirməsi onu göstərir ki, onlar Azərbaycanla münasibətlərə nə qədər zərər vurğuqlarını anladılar. Burada hökumət daxilindəki müəyyən qüvvələrin də bu hadisəni törədənlərlə əməkdaşlığı var. İranın şəxsimə qarşı da terror aktını həyata keçirməsi sirr deyil. Həbs olunan şəxslərin də ifadələri bunu göstərir. Yaxşı olar ki, İran tərəfi bu şəxslərin də Azərbaycana təhvil verilməsini təmin etsin. Çünki bu terror bilavasitə İranın xüsusi xidmət orqanı əməkdaşları tərəfindən təşkil olunub. Bu kimi addımlar atılsa o zaman münasibətlərin bərpasında irəliləyişdən danışmaq olar". 

Fərid Azəri