Kinoteatrlarda xarici filmləri Azərbaycan dilində izləyə bilirikmi? - FOTO/VİDEO
    • 14-08-2023, 17:24
    • 395

Kinoteatrlarda xarici filmləri Azərbaycan dilində izləyə bilirikmi? - FOTO/VİDEO

Ölkəmizdə fəaliyyət göstərən kinoteatrlarda nümayiş olunan əcnəbi filmlər Azərbaycan dilinə dublyaj olunmadan nümayiş etdirilir. Əksər filmlər rus, ingilis, türk dillərində nümayiş olunur. Sözügedən filmlərdə Azərbaycan dilində alt yazı belə verilmir. Hətta bəzi filmlərin banneri də başqa dildə yazılır. Mütəxəssislər dublyaj probleminin uzun müddətdir müzakirə olunduğunu desə də, məsələnin həlli ilə bağlı konkret addımlar atılmadığını deyirlər. Bəs, kinoteatrlarımızda əcnəbi filmlər niyə dublyaj olunmur? Bu sahədə yenilik olacaqmı?

Mövzu ilə bağlı News24.az-a danışan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə qeyd etdi ki,  kinoteatrlarda yalnız hazır kontent nümayiş edilir:

""CinemaPlus" kinoteatrdır və kinoteatr olaraq yalnız hazır kontent nümayiş edə bilər. Hollivud və digər iri kino istehsalçılarının filmlərinin Azərbaycan dilində nümayiş olunmamasının əsas səbəbi ölkəmizdə beynəlxalq standartlara cavab verən dublyaj studiyalarının fəaliyyət göstərməməsidir. Bundan əlavə, müasir dublyaj studiyası olsa belə, xarici film nümayəndələri kontentin təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan dilində nümayişə yalnız premyeradan 6 həftə sonra icazə verirlər. Təəssüf ki, Azərbaycanda hələ də müəllif hüquqları sahəsində boşluqlar var. Premium kinoteatr olaraq bizim əsas məqsədlərimizdən biri filmləri izləyicilərə dünya premyerası ilə eyni gündə təqdim etməkdir. Bu səbəbdən filmlər studiyanın təqdim etdiyi dillərdə (İngiliscə, rusca, və türkcə) nümayiş olunur.

Z. Darabzadənin sözlərinə görə, filmləri Azərbaycan dilində altyazı (subtitr) ilə izləmək imkanı var:

"Bundan başqa, əgər film Türkiyədə rəsmi, beynəlxalq tələblərə uyğun dublyaj edilibsə, CinemaPlus olaraq bu dublyajı azərbaycanlı izləyicilərimizə də təqdim edirik. Nümunə üçün deyə bilərik ki, hal-hazırda nümayişdə olan 14 filmdən 9-unu Türk dilində izləmək mümkündür".

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) məsələ ilə bağlı bildirdi ki, Mədəniyyət Nazirliyi işə ciddi yanaşarsa, problem müəyyən qədər həlli yolunu tapa bilər:

"Dublyaj işi yetərli səviyyədə görülmür. Dublyaj edən aktyora kifayət qədər məvacib verilmir və onlardan işi qısa müddətə təhvil vermək tələb edilir. Belə olan halda təhvil verilən işin keyfiyyəti olmur. Səsləndirmə, subtitrlərin verilməsi bir aktyorun, mütəxəssisin işi deyil. Bu işə nazirlik şərait yaratmalıdır. Mədəniyyət nazirliyi işçi qrupu yaratmalı, hər bir film üçün aktyor heyəti toplamalıdır. Bəzən tərcümə zamanı da problemlər olur. Frazeoloji vahidlər yerində işlənmir. Bu da ya cansıxıcı, ya da gülməli olur. Dublyajda olduğu kimi tərcüməni də mükəmməl bilən şəxslər cəlb edilməlidir. Tərcümə və dublyaj zamanı Azərbaycan dilinin koloriti nəzərə alınmalıdır".

Şahlar Məmmədovun sözlərinə görə, subtitrlərdən istifadə həm də filmi izləyən əcnəbi vətəndaşların dili öyrənməsinə şərait yaradacaq. 

Səsləndirilən fikirlərlə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab verilmədi. 

Qumral Əliyeva