Bakıda 12-ci Avropa Film Festivalı başlayıb - FOTO
    • 14-11-2022, 21:39
    • 358

Bakıda 12-ci Avropa Film Festivalı başlayıb - FOTO

Bakıda 12-ci Avropa Film Festivalı başlayıb.

News24.az APA-ya istinadla xəbər verir ki, film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycandakı səfirlikləri “Landmark” Biznes Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Festivalın açılışında çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib ki, bu, artıq 12-ci festivaldır.

“Çox şadam ki, hər il keçirilən Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Bu, “Avropa Komandası” çətiri altında Aİ və Aİ-yə üzv dövlətlərin Azərbaycanda ənənəvi və tanınmış təşəbbüslərindən biridir. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik”, deyə səfir Peter Mixalko bildirib.

O əlavə edib ki, proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan 12 filmin nümayişi daxildir.

Diplomat deyib ki, Ukrayna Avropa dəyərlərini bölüşür: "Ukrayna hələ ki, Aİ üzvü olmasa da, Avropa ailəsinin bir hissəsidir. Ukrayna öz azadlığı, suverenliyi uğrunda Rusiyanın təcavüzkar müharibəsinə qarşı savaşır".

Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik açılışda çıxış edib. O, filmin rejissoru və filmlə bağlı qısa məlumat verib.

Qeyd edək ki, festivalda Avropa kinematoqrafiyasının ən son tendensiyaları nümayiş olunacaq. Dram, komediya, tarixi, sənədli və s. janrlarda filmlər nümayiş etdiriləcək.

Filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunacaq.

Filmlər “Landmark” -CinemaClub, “Deniz Mall” - CinemaPlus kinoteatrında nümayiş etdiriləcək.

Avropa Film Festivalında bütün filmlərə giriş pulsuzdur.

Qeyd edək ki, 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində indiyədək 158 film nümayiş olunub.