Türkiyədə təhsil necə DAVAM EDƏCƏK- AÇIQLAMA
    • 15-08-2023, 16:56
    • 542

Türkiyədə təhsil necə DAVAM EDƏCƏK- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu günlərdə Türkiyədə yenə ard-arda güclü zəlzələlər oldu. Yeni təhsil ilinin ərəfəsində Türkiyədə təhsil alan tələbələr üçün böyük narahatlıq yaradıb. Çünki bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələdə həyatını itirənlərin arasında azərbaycanlı tələbələr də vardı. Zəlzələdən sonra Türkiyə höküməti ölkə ərazisində distant təhsilə keçmək barədə qərar qəbul etdi. Bu səbəbdən qardaş ölkədə təhsil alan 30 minə yaxın tələbə Azərbaycana qayıdıb məsafədən dərslərinə davam etdi. Yeni tədris ilindən Türkiyədə yenidən əyani təhsil qüvvəyə minəcək. Maraqlıdır, sonuncu güclü zəlzələdən sonra hansı qərar qəbul ediləcək?

Mövzu ilə bağlı News24.az-a danışan Dumlupınar Kütahya Dövlət Universitetinin "Beynəlxalq əlaqələr" fakültəsinin müəllimi dos.dr Cantürk Caner bildirdi ki, 6 fevral 2023-cü ildə Kahramanmaraşın mərkəzində 7,7 və 7.6 bal gücündə baş verən zəlzələlərdən sonra Türkiyədə bütün sahələrdə olduğu kimi təhsil də iflic vəziyyətə düşdü: 

"AFAD və Türkiyə Daxili İşlər nazirliyi 1 mart tarixindən əvvəlcə zəlzələ olan bölgələrdə, daha sonra bütün ölkədə təhsili onlayn sistemə keçirdi. Hal-hazırda isə Türkiyə Təhsil nazirliyinin verdiyi qərara əsasən, 2023-2024-cü il tədris ili əyani şəkildə olacaq. Əlbəttə ki, əsrin fəlakəti adlandırdığımız bu fəlakət həm iqtisadi, həm də sosial mənada Türkiyəyə böyük təsir göstərdi. Bu zəlzələdən təkcə türk tələbələr yox, həmçinin xarici tələbələrdə zərər çəkdi. Ancaq mənim şəxsi fikrim budur ki, ərazidə yeni güclü zəlzələ baş verməyəcək. Bunu tək mən yox, seysmoloqlar da bildirir. Buna görə də, türk və xarici tələbələrin hamısı əyani təhsil alacaqlar".


C.Caner zəlzələ zamanı Türk dünyasının, xüsusən Azərbaycan dövlətinin və vətəndaşlarının fədakarlığına görə saytımz vasitəsilə təşəkkür etdi: "Ölkə olaraq bir daha azərbaycanlı qardaşlarımızın həm dövlət səviyyəsində, həm də milli səviyyədə böyük fədakarlıqlarını və yardımlarını gördük. Mən onlara həm öz adımdan, həm də türk xalqı adından və mənim dövlətim adından sonsuz minnətdarlığımı bildirirəm".


Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı isə qeyd etdi ki, təbiət hadisəsi olan zəlzələni əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil:

"Zəlzələnin nə vaxt, hansı saatda , gücünün nə qədər olacağını heç kim əvvəlcədən söyləyə bilmir. Təbii ki, zəlzələ öz təsirini təhsil sisteminə də göstərir. Qardaş Türkiyədə zəlzələnin baş verməsi həmin ərazilərdə təhsilin ənənəvi formadan distant formaya keçməsinə səbəb oldu. Belə şəraitlərdə qərar qəbul etmək səlahiyyəti qardaş ölkənin müvafiq qurumlarının üzərindədir. Ona görə həmin qurumlar vəziyyəti dərindən təhlil edəcəklər və ən optimal yolu tapacaqlar".


Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənə bilmədik. Çünki nazriliyə göndərdiyimiz rəsmi sorğu cavabsız qaldı.


Aydan