Yeni tikili binadan mənzil alarkən nələrə diqqət edilməlidir?
    • 18-08-2023, 15:11
    • 274

Yeni tikili binadan mənzil alarkən nələrə diqqət edilməlidir?

Bakı və Abşeronda yeni tikili binaların inşası ilə məşğul olan Mənzil Tikinti Kooperativlərindən (MTK) təmirsiz (podmayak) mənzil alarkən vətəndaşların aldadılması hallarına rast gəlinir. 

Belə hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır?

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında bildirib ki, ölkə vətəndaşlarının əksəriyyəti öz hüquqlarını dərindən bilmədiyinə görə, ilkin alqı-satqı zamanı aldanmalar, əsassız ödəniş tələbləri kimi qanunsuzluqların qurbanı olurlar:

“Bunlar hüquq maarifləndirmənin aşağı səviyyədə olmasından irəli gəlir. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə maarifləndirmə işi aparmalıdır. Vətəndaş həyati əhəmiyyətli qərar verirsə, böyük məbləğə fərdi yaşayış evi və ya mənzil alırsa, müəyyən xərc çəkib konsaltinq xidmətindən istifadə etməlidir. Belə olsa, prosesdə aldanmazlar. İlkin alqı-satqı zamanı bağlanan müqavilələrə çox diqqət yetirilməli, orda bütün nüanslar öz əksini tapmalıdır. Vətəndaş yeni tikili binada bünövrədən (katlavandan) və ya hələ bəzi qurğularla təmin edilməyən binadan yaxud yarımçıq tikilidən ev alırsa, onun nə zamansa problemlərinin olacağı ehtimal edilir. Problemlərlə qarşılaşmamaq üçün bağlanan müqavilədə vətəndaşın hüquqları tam əks edilməlidir".