Yazıçılar Birliyindən meyit qoxusu gəlir - Müşfiq Abbasov - VİDEO
    • 31-08-2023, 11:40
    • 1 425

Yazıçılar Birliyindən meyit qoxusu gəlir - Müşfiq Abbasov - VİDEO

News24.az detektiv yazar Müşfiq Abbasovun müsahibəsini təqdim edir:

- Müşfiq müəllim, bəziləri deyir ki, detektiv yazıçı olmaq asandır... Onların təbirincə desək, "Detektiv yazıçı olmağa nə var ki? Sadəcə hazır olan materialları kitab halına salırsan, qurtardı-getdi..." Siz necə düşünürsünüz?

- Yazıçının əsas vəzifələrindən biri oxucunu maarifləndirməkdir. Əsl detektiv yazıcı olmaq isə əslində çox çətindir. Bu yaxınlarda əlimə bir kitab keçdi. Özünə "detektiv yazıçı" deyən biri kitabında qəsdən adam öldürmə işinin istintaqını aparan polis müstəntiqinin fəaliyyətini işıqlandırıb. Əsəri oxuyursan adama ləzzət edir. Amma əsər kökündən yanlışdır. Bir hüquqşünas kimi deyirəm, ümumiyyətlə, qəsdən adam öldürmə cinayətlərinin istintaqı polis müstəntiqləri tərəfindən aparılmır. Bu cür işlər prokurorluğun müstəntiqləri tərəfindən istintaq olunur. Yaxud, əsərin sonunda müstəntiq yaxşı işinə görə nazir tərəfindən polis polkovnik-mayoru rütbəsi ilə mükafatlandırılır, halbuki heç belə bir rütbə yoxdur. Bu da ondan irəli gəlir ki, Azərbaycan ədəbiyyatındakı detektiv yazarların əksəriyyətinin hüquq elmi və praktiki olaraq hüquq mühafizə orqanları fəaliyyəti barədə anlayışı yoxdur. Bu səbəbdən də onların yazdıqları reallığı əks etdirmir. 

- Sizin əsərlərinizin də qəhrəmanları real şəxslərdir. Bu mənada fikriniz maraqlıdır, bədii əsərlərdə real obrazlar daha cəlbedicidir, yoxsa yazıçı təxəyyülünün məhsulu?

- Bu oxucuların zövqünə, ümumiyyətlə, cəmiyyətin maraqlarına bağlıdır. Baxın, Aqata Kristi əsərlərinin ideyalarını qab yuya-yuya fikirləşib tapırdı. Amma yüz ildir ki, onun təxəyyülünün məhsulu olan kitabları sevilərək oxunur. Həm də gərək oxucunun ruhunu tutmağı bacarasan. Mənim fikrimcə, insanlarımız daha çox real hadisələr əsasında yazılmış detektivlərə üstünlük verirlər. Çünki insanlara real həyatlar daha maraqlıdır. Bəzən olur ki, əsərdə göstərilənlər oxucunun yaşadıqlarına və gördüklərinə də uyğun gəlir. Bu zaman oxucu kitabı daha da sevməyə başlayır. 

- Uzun müddət prokurorluq orqanlarında çalışmısınız. Ədəbiyyatdan biraz uzaq sahədir. Bəs, sizi kitab yazmağa, ədəbiyyata gəlməyə nə sövq etdi?

- Əvvəla, prokurorluqda çalışmaq ədəbiyyatdan uzaq olmaq demək deyil. Mən mühüm işlər üzrə müstəntiq işləyəndə də ədəbiyyatla maraqlanırdım. Düzdür, həmin zamanlarda işlərimin çoxluğundan kitab yaza bilmirdim. Sonralar əlimə boş zaman keçən kimi yazmağa başladım. Yəqin mənimlə razılaşarsınız ki, tarixdə prokurorlar deyil, yazıçılar qalır (gülür)... Yüz il əvvəl hansısa ərazinin prokurorunu indi xatırlayan yoxdur, amma Mikayıl Müşfiqi daim yada salırlar. Mən düşünəndə ki, əlli ildən sonra kimsə kitabımı oxuyacaq bu fikrin özü məni xoşbəxt edir.  

Azərbaycanda detektiv yazıçılardan kimləri oxuyursunuz? Bəyəndiyiniz yazarlar varmı?

- İndi heç kəsi oxumuram. Amma əvvəllər Çingiz Abdullayevlə Elxan Elatlının kitablarını oxumuşam. Fikirlərimi soruşsanız deyərəm ki, Elxan bəy daha maraqlı və oxunaqlı dildə yazır. Amma onun da hüquq sahəsində təcrübəsizliyi əsərlərində aşkarca hiss olunur və kitabları reallıqdan çox uzaqdır. Çingiz Abdullayevə gəldikdə isə onun da əsərlərinin əksəriyyəti demək olar ki, bir-birinə oxşardır. Adam hələ də Sovet dövründən və rus icmasının içindən çıxa bilməyib... O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil. 

- Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti sizi qane edirmi?

- İndi AYB haqqında cəmiyyətdə çox danışılır. Bu təşkilat faktiki sovet dövründə qalıb. Anar müəllim də oturub başında, heç yana getmək fikri də yoxdur. Bu fani dünyada insanın vəzifə və hakimiyyətdən necə yapışmasının nümunəsini göstər desələr, deyərəm ki, Anara baxın. Başına da bir neçə nəfər yığıb, Yazıçılar Birliyini öz maraqlarına uyğun idarə edir. Kimi istəyir quruma götürür, kimi istəyir çıxarır. İki mindən çox üzvü olan AYB-də elələləri vəsiqə daşıyır ki, onun yazıçı olduğunu heç qonşusu bilmir. İnanın ki, yaxşı yazıçının heç həmin quruma ehtiyacı yoxdur. İndiki Yazıçılar Birliyindən sadəcə meyit qoxusu gəlir. İnanıram ki, yaxın zamanlarda orada ciddi dəyişiklər olacaqdır. 

Siz Yazıçılar birliyinin üzvüsünüz?

- Nə qədər ki, AYB-nin başında Anarla Çingiz Abdullayev duracaq ora üzv olmağı düşünmürəm. Bir özünüz düşünün, bu yaxınlarda orada sədr seçkiləri keçirildi, özü də necə? Açıq səsvermə yolu ilə, Stalinin dövründə olduğu kimi. "Görürəm haa, kim məni seçməsə məhv edərəm" deməklə... Vallah bu biabırçılıqdır. Hələ bəzi yaltaqlar deyir ki, buranı Anardan yaxşı idarə edən olmaz.  Qorxusundan zaldakılar əllərini qaldırıb Anara səs verməyə məcbur oldular, gizlində isə çoxunun ondan xoşu gəlmir. Nə var ki, Anar onları qurumdan xaric edər, nəticədə prezident təqaüdü, mənzil və ya fəxri ad ala bilməzlər. Azərbaycan yazıçısını bu cür miskin, müti və yaltaq görmək adamı doğrudan üzür. Həmişə görmüşük ki, xalqın problemlərini, cəmiyyətdəki nöqsanları çəkinmədən danışan yazıçı və şairlər olub. Hanı Bəxtiyar Vəhabzadə, Xəlil Rza Ulutürk, Mirzə İbrahimov, Məmməd Araz?.. İndi isə sadəcə təssüf... Əgər islahatçı bir insan AYB-yə rəhbərlik edərsə, ora üzv olmağım mümkündür. 

Azərbaycanda kitab satışı sizi qane edirmi?

- Qətiyyən. Bizdə bu iş çox bərbad haldadır. Təsəvvür edin ki, nəşriyyat kitablarının satışını özü həyata keçirir. Bu halda isə şəffaflıq itir və ya şübhə altına düşür. Məsələn, mən 200 kitabımı satmaq üçün hansısa nəşriyyata vermişəm. Nəşriyyat kitabları satır və yenisini çap edib əvvəlkilərin yerinə qoyur. Nəticədə xeyri də özünə götürür. Bundan heç müəllifin xəbəri olmur. Bu sahəyə hansısa şəffaf bir nəzarət mexanizmi olmalıdır. Müəllif əmin olmalıdır ki, kitablarını satan qurum onu aldatmır. Onsuz da, indiki halda kitab satışından gəlir əldə etmək mümkün deyil. 

- Azərbaycan detektiv yazıçılarının əsərlərinin milli kinomuza inteqrasiyası ilə bağlı nə düşünürsünüz?

- Əvvəla onu deyim ki, yaxşı kino keyfiyyətli ssenarinin əsasında çəkilir. Bu yaxınlarda "Əqrəb mövsümü" serialına baxdım. Orada çəkilən aktyorlara əhsən deyirəm. Azər Aydəmir və Hikmət Rəhimov Azərbaycan kinosunda bir tapıntıdır. Bu cür aktyorlara normal ssenarilər təqdim etmək lazımdır. Amma onu da nəzərə alın ki, kinolar reallıqla tandem təşkil etməlidir. Bu baxımdan "Əqrəb mövsümü" serialını uğurlu hesab etmək olar. Reallığı əks etdirməyən detektiv əsərə necə kino çəkmək olar? ATV-də "Yuxu kimi" serialı verilir. Polisdə işləyən qadın müstəntiq əsərin qəhrəmanlarından birinin qətl işinin istintaqını aparır, şahidləri sorğu-sual edir. Axı bu düzgün deyil. Prokurorluğa aid məsələ polisdə necə araşdırıla bilər? Kinonun özü də əhalini maarifləndirməlidir. Demək ki, ssenari düzgün yazılmayıb, rejissor da əsəri necə oxuyub elə çəkib. TV-də yayımlanan seriallara milyonlarla insan baxır. Heç olmasa, bu cür məsələləri hansısa bir təcrübəli hüquqşünasla məsləhətləşin. Belə primitiv səhvlərlə bizim serial və kinolar xarici ölkələrin efir məkanlarına çıxa bilməz.  


- Bildiyimə görə,  siz də həbs həyatı yaşamısınız. Həmin günlər sizə nəyi öyrətdi?

- Sadəcə, həmin günləri Allahın mənə göndərdiyi imtahan kimi qəbul etdim. Onu deyim ki, həbs həyatı əslində kimin sənə dəyər verdiyini göstərir. İllərdir ki, dost bildiyim şəxslərdən bəziləri həmin günlərdə bir dəfə də olsun yanıma gəlmədi, heç maraqlanmadı da. Bir sözlə, insan orada hamını yaxşı tanıyır. Həmin çətin günlərdə ən böyük dayağım isə ailəm oldu. Mən orada bir daha əzizlərimi sevməyi öyrəndim. Məni sevənlərə və dəyər verənlərə minnətdaram. Həbsdə olduğum müddətdə iki kitab yazdım. Orada da kitabxana var. Günümün çox hissəsini mütaliə ilə keçirirdim. Orada hər insanın öz dərdi-səri olur. Hər kim ki, gününü rejimə salır, yəni idmanı, gəzməyi, mütaliyyəsi və s. onun üçün günlər tez keçir, əks halda çox əziyyət çəkir. Bu dünyada azadlıqdan gözəl şey yoxdur. Çalışın, heç quşu da qəfəsdə saxlamayın. Əslində, insan ruhən azad olmalıdır. Mən cəzaçəkmə müəssisəsində ruhən azad idim. Dəmir qapılar bu azadlığımın qarşısında çox aciz görünürdü. 

Qumral Əliyeva