Gömrükçü məhkəmədə çoban qohumuna UDUZDU
    • 31-08-2023, 18:33
    • 321

Gömrükçü məhkəmədə çoban qohumuna UDUZDU

Bakı Apellyasiya Məhkəməsində qohumuna böhtan atmaqda təqsirləndirilən Şahin Eldarovun Yasamal rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb. 

News24.az-ın məlumatına görə, prosesdə qərar qəbul edilib. Qərara əsasən,  Ş. Eldarovun şikayəti araşdırılıb və və ona bəraət verilib. 

İttihama görə, gömrük orqanında işləyən Mübariz Ağayev Balakən rayonunda  dayısı oğlu Şahin Eldarovun telekanallardan birində çıxış edərək ona böhtan atdığını bildirib. Bu məqsədlə M. Ağayev məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Yasamal rayon məhkəməsi iddianı təmin edib və Şahin Eldarovun aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla o, 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

İttihamda bildirilir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Onların arasında şifahi razılaşma olub ki, M.Ağayev çobana zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini verəcək.

Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb, M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, zəhmət haqqını verməyib.

Təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edərək qohumundan haqqını tələb edib. Şikayətlər araşdırılıb M.Ağayevə şiddətli töhmət verilib.

Təqsirləndirilən şəxs həmçinin televiziya kanallarından birinə müraciət edərək qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. 

Qohumunun davamlı şikayətləri ilə bağlı gömrükçü məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 147.1-ci ( böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Yasamal Rayon Məhkəməsi M. Ağayevin xeyirinə qərar çıxarsa da, Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək çobana bəraət verib.