"Ermənistanın davranışları danışıqlara zərbə vurur" - Politoloq
    • 9-09-2023, 14:45
    • 175

"Ermənistanın davranışları danışıqlara zərbə vurur" - Politoloq

"Hazırda Ermənistanın aqressiv davranışları, eyni zamanda revanşist ritorikanın güclənməsi,ölkəmizə qarşı bir sıra təbliğat materiallarının yayılması, blokada və s. regional vəziyyəti tamamilə gərginləşdirmişdir"

Bu sözləri News24.az-a açıqlamasında politoloq İlyas Hüseynov dedi.

O, bildirdi ki, bu xüsusda rəsmi İrəvan  müxtəlif geopolitik aktorlara müraciət edir.

"Ermənistan Rusiya, ABŞ, Avropa İttifaqı, bir sıra regional və beynəlxalq təşkilatlar müstəvisində ölkəmizə qarşı çox çirkin kompaniya aparır və bu danışıqları, diplomatik təmasları da sıfıra endirir.  Üstəlik, biz görürük ki, Ermənistan həm də şərti sərhəddə qoşunlar çıxardır, müxtəlif qüvvələr, ağır texnika cəlb olunur. Səfərbərliklə bağlı sosial şəbəkə seqmentində bir sıra videomateriallara rast gəlirik. Yəni bütün bunlar eskalasiyanın olması ehtimalını gücləndirir". 

Politoloqub sözlərinə görə,  məhz Xarici İşlər Nazirliyində diplomatik korpus nümayəndələri üçün brifinqin keçirilməsi məlumatlandırma xarakteri daşıyır.

"Ermənistanın qeyri-səmimi davranışları həm də siyasi, diplomatik sahəyə də zərbə vurur. İlin sonuna qədər sülh müqaviləsinin imzalanması haqqında bir sıra mühüm fikirlər var idi. Bu gün artıq nəinki sülh, barış, təhlükəsizlik haqqında  müzakirələr aparırıq, hazırda yalnız siyasi proseslərin dalana dirənməsi fonunda hərbi gərginlik müşahidə olunur. Ermənistan regional sülhə zərbə vuran addımlarından geri çəkilməli və təcili sülh formatına qayıtmalıdır".

Aydan