Yas mərasimləri: Adətdir yoxsa BİZNES?
    • 13-09-2023, 18:16
    • 1 015

Yas mərasimləri: Adətdir yoxsa BİZNES?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Mövzu ilə bağlı News24.az-a danışan ilahiyyatçı Elşad Miri bildirdi ki, yas mərasimlərində ehsanın ləğv edilməsi çox gözəl addımdır.

"İslam dinində yas mərasimi anlayışı yoxdur. İslama görə, bir insan öləndə ona 3 günə qədər yas saxlamaq olar. Düzdür, ölünün yaxınlarını ziyarətə, başsağlığı verməyə gələnlər ola bilər.Lakin  xüsusi mərasim qurmaq, orda molla gətirtmək, ölü üçün Quran oxumaq, ağlaşma qurmaq, mərsiyə demək, ehsan vermək və s. bunların dinə aidiyyatı yoxdur və olmayıb da".

İlahiyyatçının sözlərinə görə, İslam dini insanın ölüsü ilə yox, dirisi ilə maraqlanır. Çünki insanın ölüsünə bələdçilik eləmir, yol göstərmir, əksinə dirisinə yol göstərir. Hətta Yasin surəsinin yetmişinci ayəsində bildirilib ki, " Quran, diriləri xəbərdar etmək üçün göndərilib". Yas məclisləri sadəcə olaraq bir biznesdir. Bunlar hamısı sonradan uydurulmuş, əlavə edilmiş başqa ənənəvi anlayışlarla birgə insanlara təqdim edilən yanaşmadır.  Təəssüflər olsun ki, biz bu gün dini, Quranı yas mərasimləri üçün oxunan bir kitab halına gətirmişik". 

Millət vəkili Azər Badamov isə qeyd etdi ki, yas mərasimlərində ehsan verilməsini heç kim ləğv etməyib və belə bir qaydanın dövlət tərəfindən tənzimlənməsini düzgün hesab etmirəm. 

"Onu da qeyd etmək istəyirəm ki, yas mərasimlərində ehsanın verilməsi adət ənənəyə uyğun nəsillərdən nəsillərə ötürülür. Həm də zaman keçdikcə qaydalar təkmilləşir və insanlara daha rahatlıq gətirəcək şəkilə düşür. Amma pandemiya ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması bu sahədə də müsbət irəlliləyişlərə töhfə vermişdir. Belə ki, yas mərasimlərində əvvəllər daha çox çeşidli yeməklər verilirdisə, indi bu yeməklərin sayı kifayət qədər azalıb.. Subyektiv fikrim isə yas yerlərində ümumiyyətlə yeməyin verilməsinin əksinədir. Yəni burda geniş süfrələr açmadan bir çay verməklə məclislər yola vermək olar. Çay da ehsan sayılır və bu hamının gücündə olan bir şeydir. Amma ehsanın yeməklə verilməsi hər bir insanın gücündə olmur və  onlar ehsan verəndə maddi çətinliklə qarşılaşırlar,  verməyəndə də əziyyət çəkirlər. Ən yaxşısı yas yerində yemək  ehsanı vermək adətinin aradan qalxmasıdır".

Aydan