Qadının telefonunu lombarda qoymuşdum - Sevgilisinin ərini döyən olimpiya çempionu
    • 19-09-2023, 16:56
    • 173

Qadının telefonunu lombarda qoymuşdum - Sevgilisinin ərini döyən olimpiya çempionu

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Azərbaycanın tanınmış güləşçisi, olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi başlayıb. 

Prosesdə təqsirləndirilən şəxs E. Muxtarovun istintaqa ifadəsi elan olunub. O bildirib ki, yaxın münasibətdə olduğu qadının evinə gəlib. Evdə qadının həyat yoldaşı ona hücum edib. E. Muxtarov isə onu bıçaqla deyil,  şillə ilə vurub: "Sonra ondan 200 manat tələb etdim. Pul tələb etməyimin səbəbi isə ondan 200 manat alıb lombarda verib sevgilimin telefonunu girovdan götürmək idi. Sevgilimin telefonunu Lombarda qoyub 160 manat götürmüşdüm. Həmin pulla kafedə çörək yeyib əylənmişdik. Əgər 200 manat verməsəydim, telefon batacaqdı. Ona görə də onun ərindən həmin pulu tələb etdim ki telefonu qaytarım".

Daha sonra prosesdə E. Muxtarovun sevgilisi olan qadının ibtidai istintaqa ifadəsində də həmin faktı təsdiqləyib.  

Qadın E. Muxtarova sevgili olduğunu etiraf edib.

Proses oktyabrın 3-sə davam etdiriləcək.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da qadının oğlunu yaşadığı binanın qarşısında izləyib. Uşaq  evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman qadının əri də evdə olub. 

Evə basqın edən idmançı qadının həyat yoldaşına  yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Samir Əli