Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya uduzdu - FOTO
    • 22-03-2019, 02:00
    • 1 098

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya uduzdu - FOTO

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu keçirib. News24.az ONA-ya istinadən xəbər verir ki. həm 2019-cu ildə, həm də yeni baş məşqçisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk matçına çıxan yığmamız Zaqrebdə Xorvatiya ilə görüşüb.
Meydan sahibləri “Maksimir” stadionundakı qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsə yiyələniblər. Topa son dünya çempionatının gümüş mükafatçıları nəzarət etdiyindən qarşılaşmanın böyük hissəsi meydanın millimizə aid yarısında keçib.
Bir neçə ötürmədən sonra topu itirən futbolçularımız ilk dəqiqələrdən mərkəz xətti keçməkdə çətinlik çəkiblər. Lakin xorvatiyalıların aramsız hücumları qapı önündə gərginliklə bitibsə, ilk real qol vəziyyətini komandamız yaradıb. Eddi İsrafilovun gözəl ötürməsinin ardından sol cinahla irəliləyən Ramil Şeydayev təxminən 10 metrdən qapını nişan alıb. Qapıçının dəf etdiyi zərbəni tamamlamağa çalışan Şeydayevlə Mahir Mədətov bir-birinə mane olublar. 
Beş dəqiqə sonra hesab açılıb. Riçard Almeydanın ötürməsindən sonra bu dəfə sağ cinahla reyd edən Şeydayev cərimə meydanı daxilindən uzaq küncü dəqiq nişan alıb. 
Millimizin hesabı açması da oyunun ssenarisini dəyişməyib. Böyük üstünlüyə malik Xorvatiya yığması aramsız hücumlar qurub, komandamız növbəti sürətli əks-həmlə üçün anını gözləyib. Meydan sahiblərinin fərqlənməsinə bəzən qeyri-dəqiqlik, bəzən oyunçularımızın inamlı çıxışı mane olub. İvan Perişiçin zərbəsindən sonra Qara Qarayev topu qapı xəttinin üstündən çıxarıb. Fasilə ərəfəsində saysız-hesabsız künc zərbələrinin birindən sonra Dmitri Nazarov eyni hərəkətlə diqqət mərkəzinə düşsə də, özünü yetirən Borna Barişiç hesabı bərabərləşdirib.
Fasilədən sonra balkanlılar təzyiqi daha da artırıblar. Yığmamızın qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz edib. Lakin millimiz yenə fərqlənmək imkanı qazanıb.
Rəqib qapısı önünə reyd edən Eddinin ötürməsindən sonra Dmitri əlverişli mövqedə topa yiyələnib. Lakin yarımmüdafiəçi dəqiq zərbə vura bilməyib. Bu epizoddan sonra Nazarov Araz Abdullayevlə əvəzlənib.
Mərkəzdə yeni qüvvəyə ehtiyac yarandığını görən baş məşqçi Nikola Yurçeviç Emin Mahmudovu meydana buraxıb. 77-ci dəqiqədə Şeydayev daha bir imkan əldə etməyə yaxın olub. Qarşısındakı müdafiəçini keçib qapıçı ilə üz-üzə qalmaq şansı qazanan hücumçu rəqibi ilə dueli uduzub.
Balkan təmsilçisinin ardıcıl hücumları isə 79-cu dəqiqədə bəhrəsini verib. Müdafiəçimizin uzaqlaşdırmaq istədiyi top rəqibə çarparaq Andrey Kramriçə düşüb. Təcrübəli futbolçu cərimə meydanı daxilində topu saxlayaraq uzaq küncə qarşısıalınmaz zərbə endirib – 2:1.
Meydan sahibləri hesabda önə çıxdığından sonra nisbətən arxayınlaşıb. Bu da millimizin bir neçə hücum təşkil etməsi ilə nəticələnib. Komandamız oyundakı ilk künc zərbəsini də final fitinə 6 dəqiqə qalmış yerinə yetirib. Lakin Zlatko Daliçin yetirmələri qarşılaşmanın sonrakı dəqiqələrində də topa nəzarət edərək sensasiyaya imkan verməyib. Millimiz isə seçmə mərhələyə Zaqrebdə aldığı 1:2 hesablı məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu iyunun 8-də evdə Macarıstana qarşı keçirəcək.
AVRO-2020-nin seçmə mərhələsi
E qrup
21 mart
23:45. Xorvatiya – Azərbaycan – 2:1

Qollar: Borna Barişiç, 44, Andrey Kramariç, 79 – Ramil Şeydayev, 19
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Divan Valkov
Dördüncü hakim: Nikola Popov
(hamısı Bolqarıstan)
Xorvatiya: 12. Lovre Kaliniç, 2. Yosip Brekalo, 3. Borna Barişiç, 4. İvan Perişiç, 5. Duye Kalet Kar, 7. İvan Rakitiç, 8. Mateo Kovaçiç (13. Nikola Vlaşiç, 73), 10. Luka Modriç (k) (19. Milan Badel, 90+1), 20. Bruno Petkoviç (18. Ante Rebiç, 69), 21. Domaqoy Vida
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 23. Simon Sluqa, 6. Karlo Bartoleç, 11. Marselo Brozoviç, 14. Filip Bradariç, 15. Mario Paşaliç, 16. Antonio Miliç, 17. Marko Roq, 22. Marin Leovaç
Baş məşqçi: Zlatko Daliç
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev (16. Rüfət Dadaşov, 87), 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 10. Mahir Mədətov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov (7. Araz Abdullayev, 60), 14. Eddi İsrafilov, 20. Riçard Almeyda (8. Emin Mahmudov, 72)
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 9. Namiq Ələskərov, 15. Ömər Buludov, 18. Anton Krivotsyuk, 19. Əli Babayev, 21. Təmkin Xəlilzadə, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Nikola Yurçeviç
Zaqreb. “Maksimir” stadionu