İstintaq sirrini paylaşan aparıcılar CƏZALANACAQMI? - Deputatdan AÇIQLAMA
    • 19-10-2023, 17:22
    • 338

İstintaq sirrini paylaşan aparıcılar CƏZALANACAQMI? - Deputatdan AÇIQLAMA

Son günlər ölkədə rezonans doğuran iki ölüm hadisəsi televizilyalarda geniş müzakirə olunmaqdadır. Aparıcılar efirə qoşulan ekspertləri müəyyən “sirlər”i açmaq üçün sanki yarışa çıxıblar. Halbuki, həmin məlumatlar istintaq sirri hesab olunur.

Maraqlıdır, əgər hər hansı qətllə bağlı açıqlamalar istintaqın gedişinə mane olarsa, onun yayılmasına səbəbkar olan televiziya aparıcılarını cəza gözləyirmi?

Mövzu ilə əlaqədar News24.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu kimi məsələlərin ictimai müzakirəyə çıxarılması əslində hansısa bir problem yaratmır:

"Bunun daha çox sosialoji yönlərini araşdırmaq vacibdir. Lakin hansısa istintaq sirrinə aid olan məsələlərin televiziyada açıqlanması müəyyən hüquqazidd addımlar kimi də tövsif oluna bilər. Amma bütövlükdə məsələyə sosialoji aspektdən yanaşılması doğrudur. Televiziyalar bunu müzakirə etməlidir. Çünki bu ciddi ölüm hadisəsidir. Birinci qadının həyatına qəsddən söhbət gedir. Bu aqressiyanın səbəbləri araşdırılmalıdır. İkincisi isə cəmiyyət bütövlükdə hansısa ailə həyatı ilə bağlı nə qədər böyük problemlər yaşandığını göstərən ciddi bir vəziyyət olduğundan xəbər verir. Ona görə də, hesab edirəm ki, bu məsələnin belə müzakirə olunması, əslində faydalıdır".

Deputat qeyd edib ki, insanın insana qarşı tolerantlığının, dözümlülüyünün ortadan qalxması çox acınacaqlıdır:

"Bir-birini bu qədər rahat qətl edən, həyatına son qoyan insanların bunu niyə etdiyi araşdırılsa onda görərik ki, həm də burda müəyyən dərəcədə cəmiyyətin özünün də yaratdığı situasiyanın rolu var. Yəni bu insanlar birdən-birə bu vəziyyətə gəlib çıxmırlar, çünki ölüm sonuncu addımdır və bu riskə gedən insanların da həm də müəyyən dərəcə də psixoloji bəraət imkanları da araşdırılsa ortaya çıxa bilər.

Millət vəkilinin sözlərinə görə, belə qətllər ümumiyyətlə başqa ölkələrdə bu motivdə  olmur. Bizim mentalitetin də yaratdığı problemlər var. Ona görə də bu məsələlər mütləq müzakirə olunub həllini tapmalıdır.

Leyla SƏMƏNDƏR