İstəyirsiniz 2025-ci ilə qədər məhkəmədə qalaq? -Əvəz Zeynallı hakimə etiraz etdi
    • 22-09-2023, 15:32
    • 258

İstəyirsiniz 2025-ci ilə qədər məhkəmədə qalaq? -Əvəz Zeynallı hakimə etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

News24.az-ın məlumatına görə, prosesdə hakim bildirib ki, şahidlərdən Orxan Dadaşov və Telman Vəliyev məhkəməyə çağırılsa da, gəlməyiblər. 

Təqsirləndirilən şəxs Əvəz Zeynallı isə bildirib ki, həmin şəxslərin cinayət işinə heç bir aidiyyəti yoxdur: "Sizin dediyiniz şəxslərin heç birinin mənim həbsimə aidiyyəti yoxdur. İşə dəxli olan adam Elçin Sadıqovdur, onu çağırın məsələni həll edin. Aidiyyəti olmayan adamları şahid çağırırsınız. Hər prosesdə bir şahid dindirməklə məhkəmə işini uzadırsınız. Sizin fikriniz nədir? Biz 2025- ci ilə qədər burda qalmalıyıq? Əsas şahidi çağırıb işi bitirin də. Bu nə biabırçılıqdır?"

Hakim bildirib ki, iş üzrə adı şahid keçən şəxslər prosesə dəvət olunmalı və ya ifadələri elan olunmalıdır.

Daha sonra prosesdə şahid kimi dindirilən Əjdər Hüseynov bildirib ki, Hövsan qəsəbəsində  "Yaşıl Mənzərə "MMC-nın icraçı direktoru işləyib: "Hövsan qəsəbəsində fəaliyyət göstərirdik. MMC-ni satmaq istəyirdik. Salman adlı maklerlə razılaşdıq, başladıq sənədləşməyə. Sənədləşmə prosesində Salman dedi ki, torpağı sənədləşdirmək üçün  120 min manat lazımdı. Mən də vəkilimlə məsləhətləşdim, qərara gəldik ki sənədləşmə xərclərini müştəri ödəməlidir. Bir müddət sonra Salman məni "Xətai" metrostansiyasının yaxınlığına çağırıb dedi ki, Elnur Şükürov adlı şəxslə danışıb, prosesi 50 min manata həll edir. Mən nə Elnur görməmişəm, nə də Əvəz Zeynallı. Heç birini də tanımıram. Salman dedi ki, Elnur Şükürov məni maşında gözləyir. Əlində torba var idi, dedi ki, burda 50 min manat var". 

Ə. Hüseynov qeyd edib ki, istintaqa çağıranda onu 12 saat dindiriblər. 

Əvəz Zeynallı isə bildirib ki, istintaqda şahidlərə təzyiq ediblər. 

Proses sentyabrın 29-da davam etdiriləcək. 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Samir Əli