"Əvəz Zeynallını ilk dəfə məhkəmədə görürəm" - Şahid
    • 13-10-2023, 16:08
    • 412

"Əvəz Zeynallını ilk dəfə məhkəmədə görürəm" - Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

News24.az-ın məlumatına görə, prosesdə ifadə verən şahid Aydın Axundov bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə şikayət edib: "Mən Fərid Teymurov barədə şikayət etmişəm. Şikayət edəndə prosesdə Elnur Şükürovla bağlı da məsələ ortaya çıxıb. Həmin vaxt da Elnur Şükürovla olan səs yazılarımı təqdim etdim. Mən Elnurla telefonla danışanda Salman səsimizi yazırdı. Əvəz Zeynallını isə tanımıram. Mən Əvəzi ilk dəfə burda görmüşəm. 

Mən Elnur Şükürovun pul verməmişəm. Mən 5 metr aralıda dayanmışam. Salman gəldi dedi ki, pulu vermişəm Elnur Şükürova".

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Samir Əli