-
- 6-10-2023, 16:00
- 480
Elnur Şükürova sənədləri hazırlamaq üçün 50 min manat vermişəm -Şahid
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
News24.az-ın məlumatına görə, prosesdə ifadə verən şahid Salman Nəsrullayev bildirib ki, insult xəstəsi olduğu üçün ifadə verən bilmir. Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Prosesdə şahidin ifadəsi elan olunub. O "Yaşıl Mənzərə"MMC ilə bağlı ifadə verib. Şahid bildirib ki, "Yaşıl Mənzərə"MMC -nin alqı satqısı ilə bağlı Elnur Şükürovla danışıb: "Amma Əvəz Zeynallını tanımamışam. Mənə "Yaşıl Mənzərə" MMC-nin sənədlərini hazırlamaq lazım idi. Elnur Şükürovla danışdım. Elnur dedi ki, 50 min manata sənədləşmə işini həll edərəm. Xətai metrosunun yanında görüşdüm, 50 min manat verdim, o da sənədləri aldı verdi".
Şahid bildirib ki, o məsələ ilə bağlı prokurorluğa müraciət etməyib: "Məni zəng vurub prokurorluğa çağırdılar, ifadə verdim gəldim. İfadəni özüm yazmamışam, müstəntiq hazırlayıb, qol çəkmişəm. Gözlərim yaxşı görmür, yaxşı oxuya bilmirəm. Mənim telefonumu aldılar, 5 ay istintaqda saxladılar, sonra qaytardılar. Mən nə Əvəz Zenallıdan, nə də Elnur Şükürovdan şikayətçi olmamışam".
Təqsirləndirilən şəxs Elnur Şükürov isə bildirib ki, şahidə təzyiq edilib: "Mənə heç kim pul verməyib. Mən Salmanla dost olmuşam. Mənə xahiş edib, mən də Mübariz Məmmədovla getmişəm, arayışı pulsuz alıb vermişəm".
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Samir Əli