"CIDC-2023" tədbirinin bağlanış mərasimi keçirildi - FOTO
    • 27-10-2023, 17:57
    • 335

"CIDC-2023" tədbirinin bağlanış mərasimi keçirildi - FOTO

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” adlı (CIDC-2023) tədbiri keçirilib. 

News24.az xəbər verir ki, CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayıb.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçirilib. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçirilən yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olublar. Final mərhələsinə 20 komanda çatıb. 

Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunub. Təlimçilər sıralarında həm yerli həm xarici mütəxəsislər mövcud idi. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanını əldə ediblər. Təlimdən keçən hər kəsə sertifikat verilib.

Tədbir çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Həmçinin, Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”-in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalında imzalanmışdır.

Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arasındanetvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik həlləri sərgisi təşkil olunub. İnformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər özünəməxsus kibertəhlükəsizlik həllərini təqdim edib. Sərgidə “R.I.S.K. Company”, “Cyberpoint”, “paloalto”, “PROSOL”, “Azərconnect”, “A2Z technologies”, “FORTINET”, “AZINTELECOM”, “HUAWEI”, “CYBER ON”, “SECURE FUTURE”, “MOTOROLA SOLUİTONS”, “GESCO ASC”, “NSC network security center”, “infosec”, “beam”, “B&B Security Alliance”, “BRANDDEFENCE”, “MONT”, “Qarabuq”, “Azərbaycan Karmasis”, “İnnovation and Digital Development Agency”, “FORESTALL”, “ESET”, “bakotech”, “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”, “Forcepoint”, “Pıcus” kimi şirkətlər və mərkəzlər iştirak edib.

Sərgi zamanı xüsusi ekranlarda aralıq yarışlar və quizlər təqdim olunub. Quizlərin həlli nəticəsində iştirakçılar topladıqları xallara uyğun hədiyyə qazanmaq fürsəti əldə ediblər.