Türkiyə və İran razılaşır:
    • 1-11-2023, 19:29
    • 189

Türkiyə və İran razılaşır: "Yoxsa, vəziyyət nəzarətdən çıxacaq"

“İran prezidenti yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Oktyabrın 7-dən etibarən müvafiq tərəflərlə sıx diplomatik təmasdayıq. Ədalətli davranmağı hədəfləyirik. Ukraynaya başqa, Fələstinə başqa münasibət ola bilməz”.

News24.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib. Görüşdən sonra isə nazirlər mətbuata açıqlama veriblər.

İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gələcəyini açıqlayan Fidan Fələstin-İsrail münaqişələrinin dayandırılması üçün atılması lazım olan addımlardan da danışıb.

Fidan çıxışında 26 gündür davam edən İsrail-Fələstin münaqişələrinə toxunaraq, Qəzzada yaşanan faciənin ən böyük gündəm maddəsi olduğunu bildirib. O, bu qırğın və dağıntı qarşısında səssiz qalmağın mümkün olmadığını söyləyib: “Biz hər platformada bəyan etmişik ki, günahsız mülki şəxslərə qarşı hücumları bəyənmirik. İsrail anlamalıdır ki, təhlükəsizliyi zorakılıqla təmin etmək olmaz”.

"Həm Fələstin, həm də İsrail üçün təhlükəsizlik və sülhə nail olmağın yolu ikidövlətli həlldən keçir. Bu gün bizim iranlı həmkarımla digər regional hadisələri müzakirə etmək imkanımız oldu. Bu, İraqı da əhatə etdi. Son dövrlər İraqda əvvəlki dövrlərlə müqayisədə daha stabil proses müşahidə edirik".

Nazir Qərbin müharibədə maraqlı olduğunu vurğulayıb: “Təəssüf ki, Avropa Birliyi mövqeyinə görə “atəşkəs” sözünü eşitmək istəmir. Onların durduğu yeri ABŞ və İsrail göstərir. Müharibə tez bir zamanda dayandırılmasa, bölgə bütün tərəflərin nəzarətindən çıxacaq”.

Abdullahian da görüşlərinin əsas gündəminin Qəzza olduğuna diqqət çəkib. İranlı nazir müharibənin yayılmasının qarşısını almaq üçün bütün bölgədə danışıqların davam etdiyini bildirib. 

Abdullahiyan qeyd edib ki, Rəisinin Türkiyəyə səfəri yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Ayşən