BMT və ÜST birgə bəyanat yaydı:
    • 6-11-2023, 13:19
    • 99

BMT və ÜST birgə bəyanat yaydı: "Dəhşətlidir, dərhal..."

Birləşmiş Millətlər Təşkilatının, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının ən böyük humanitar agentliklərinin rəhbərləri birgə bəyanat yayaraq Qəzza zolağında humanitar məqsədlər üçün dərhal atəşkəsə çağırıblar.

News24.az bu barədə BBC-ə istinadla xəbər verir.

“Təxminən bir aya yaxındır ki, dünya İsraildə və işğal olunmuş Fələstin ərazilərində baş verən vəziyyəti izləyir, qurbanların sayının artmasından şok və dəhşətə gəlir”, - bəyanatda deyilir.

BMT xatırladır ki, HƏMAS-ın hücumu nəticəsində 1400-dən çox israilli həlak olub, minlərlə insan yaralanıb, 200-dən çox insan girov götürülüb. Fələstin hakimiyyətinin məlumatına görə, Qəzza zolağında 9500-ə yaxın insan həlak olub.

“Raketlər ailələrə zərər verməyə davam edir. On minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Dəhşətlidir. Amma ən dəhşətlisi Qəzzada çoxlu sayda dinc sakinin öldürülməsi və 2,2 milyon fələstinlinin qida, su, dərman, elektrik və yanacaqdan məhrum olmasıdır”, - deyə bəyanatda vurğulanıb.

Bəyanatı BMT baş katibinin müavini Martin Qriffits, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk, Beynəlxalq Miqrasiya Təşkilatının direktoru Emi Papa, UNICEF-in icraçı direktoru Ketrin Rassel, ÜST-nin direktoru Tedros Adhanom Qebreyesus və başqaları imzalayıblar.

“Biz tərəfləri beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə bütün öhdəliklərini yerinə yetirməyə çağırışımızı təkrar edirik. Biz girov saxlanılan bütün mülki şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik. Bizə təcili humanitar atəşkəs lazımdır. Artıq 30 gün keçdi. Yetər. Buna dərhal son qoyulmalıdır”, - bəyanatda deyilir.

Akqabay