Vəkil Xaçatryana bəraət istədi - VİDEO
    • 7-11-2023, 14:35
    • 121

Vəkil Xaçatryana bəraət istədi - VİDEO

Yasamal rayon məhkəməsinin inzibati binasında  Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.  

News24.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın vəkili müdafiə çıxışı edib. 

Vəkil bildirib ki, Vaqif Xaçatryan Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törədən dəstənin tərkibində döyüşməkdə təqsirləndirilir. Vaqif Xaçatryan isə ifadəsində həmin hadisədə iştirak etməyib. O həmin vaxt öz evində olduğunu bildirib: "Vaqif Xaçatryan özünü təqsirli bilmir. Ona görə də sizdən xahiş edirəm Vaqif Xaçatryana bəraət hökmü çıxarılsın". 

Dövlət ittihamçısı buna etiraz edib: "Şahid və zərərçəkmişlər Vaqif Xaçatryanı tanıyıb və onun hadisədə iştirakını təsdiqləyib. Buna görə də onun barəsində bəraət hökmünün çıxarılması əsassızdır".

Prosesdə son söz deyən Vaqif Xaçatryan hadisədə iştirak etmədiyini deyib: "Mən Laçın sərhəd keçid məntəqəsində saxlanılmışam. Beynəlxalq Qırmızı Xaç Komitəsi də məni yoxlayıb və müalicə olunmağımı istəyib. Mən Azərbaycan səhiyyəsi vasitəsi ilə müalicə və müayinə olunmaq istəyirəm. Mən günahsız insanam. Axtarışda olduğumu bilməmişəm. Məhkəmədə iştirak edən Meşəli sakinlərinin ailələri ilə çox yaxın münasibətdə olmuşam. Çıxış edənlərin hər biri deyir ki mən Meşəli hadisələri zamanı orda olmuşam. Amma heç kim məni yaxından tanımır. O qədər cinayətkarlar arasında niyə təkcə mən məhkəmə qarşısında dayanmışam? Mən bu hadisədə günahsızam. Elə dəzgahlar var ki, mənim hadisədə iştirakını sübut etmək olar. Mən günahsızam və Allaha inanıram. Kim o cinayətləri edib, Allah onların cəzasını verəcək. Mənim kəskin ürək xəstəliyim var və əməliyyat olunmalıyam. Mən bütün ailə üzvlərimi itirmişəm və bilmirəm hardadır".

Qeyd edək ki,  prokuror Müqəddəs Sultanov  Vaqif Xaçatryanın 15 il azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Samir Əli