İƏT-yə üzv dövlətlərin 5-ci Konfransı Bakıda keçiriləcək - VİDEO
    • 16-11-2023, 11:20
    • 139

İƏT-yə üzv dövlətlərin 5-ci Konfransı Bakıda keçiriləcək - VİDEO

Noyabrın 21-23-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirləri Bakıda toplaşacaq.

News24.az xəbər verir ki, gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək. Bunu qeyd olunan beynəlxalq tədbirə dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb.

Mətbuat konfransında Azərbaycanın İƏT-lə əlaqələrindən, İslam dəyərlərinin dünyada təbliği və İslam həmrəyliyinin güclənməsində xidmətlərindən, İƏT əmək nazirlərinin V Konfransının önəmindən bəhs edən videoçarx (https://www.youtube.com/watch?v=YWStyqvsnPM) nümayiş olunub.

Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub. İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. A.Kərimov tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsində  mühüm rola malikdir. Prezident İlham Əliyev bəyan edib: “Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır”.

Ölkəmizin İƏT-in qurumları (İSESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s.) ilə sıx əməkdaşlığından bəhs olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə genişmiqyaslı fəaliyyətinə görə 2006-cı ilin noyabrında İSESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü, 2008-ci ildə ona İƏT-in Baş katibi tərəfindən Təşkilatın humanitar məsələlər üzrə xüsusi elçisi statusuna dair diplom təqdim edildiyi bildirilib.

2009-cu ildə Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edildiyi, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğu və bununla əlaqədar həmin il ölkəmizdə bir çox tədbirlərin, habelə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi diqqətə çatdırılıb.

Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edildiyi və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçildiyi qeyd olunub. Vurğulanıb ki, 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V Konfransının Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacağı vurğulanıb.  

Son illər Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları diqqətə çatdırılıb. Həmin sosial nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə İƏT-ə üzv ölkələrlə təcrübə mübadilələri aparılması baxımından da Konfransın önəmli olacağı qeyd edilib.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar da cavablandırılıb.